UEFA Superkubokunu qazanan baş məşqçilərin siyahısı
From Wikipedia, the free encyclopedia
UEFA Superkuboku — 1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır.[1] Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. 2000-ci ildən 2010-cu ilədək turnirdə UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Kubokunun qalibi qarşılaşıb. 2010-cu ildə UEFA Kubokunun adı UEFA Avropa Liqası olaraq dəyişdirildi.
Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla, iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib.[2] UEFA Superkubokunu qazanmış ilk məşqçi 1972-ci ildə Amsterdamın "Ayaks" komandasına qələbə qazandırmış rumıniyalı Ştefan Kovaç olmuşdur. Ancaq bu görüş UEFA tərəfindən rəsmən tanınmayıb.[3] Superkubokda ən uğurlu məşqçilər italyanlardır, onlar ümumilikdə on iki bu turnirdə qalib olublar.
İki baş məşqçi UEFA Superkubokunu iki dəfə qazanıb. İlk ikiqat qalib — 1976 və 1978-ci illərdə "Anderlext"ə qələbə qazandırmış Raymon Qutalsdır. Eyni nəticəni Aleks Ferqyuson 1983 və 1991-ci illərdə müvafiq olaraq "Mançester Yunayted" və "Aberdin"lə, Luis van Qaal 1995 və 1997-ci illərdə müvafiq olaraq, "Ayaks" və "Barselona" ilə, Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan"la, Zinəddin Zidan 2016 və 2017-ci illərdə "Real Madrid"lə və Dieqo Simeone 2012 və 2018-ci illərdə "Atletiko Madrid"lə təkrarlayıb. Sakki və Zidan eyni zamanda, Superkuboku ardıcıl iki dəfə qazanan yeganə baş məşqçilərdir.
UEFA Superkubokunu ən çox qazanan baş məşqçilər italiyalı Karlo Ançelotti ilə ispaniyalı Xosep Qvardioladır.