Milad
hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram / From Wikipedia, the free encyclopedia
Milad bayramı (ivr. חג המולד, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının[3][4] qeyd edilməsi üçün, əsasən 25 dekabrda[5][6] keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram.[7][8] Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır.[9] Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur,[10][11][12] həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.[13][14][15]
Milad | |
---|---|
| |
Rəng | ağ[1] |
Növ | xristian, mədəni |
Həsr olunub | İsanın doğulması[2] |
Tarix | 25 dekabr, 19 yanvar, 24 dekabr, 6 yanvar |
Vikianbarda əlaqəli mediafayllar |
Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.[16][17] Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda[18] qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi,[19][20] lakin bəzi Şərq kilsələri Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş[21] və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə "İsanın həqiqət günəşi olması" haqqında Bibliya məlumatı[lower-alpha 1] ilə əsaslandırılmışdır.[21][22][23][24][25]
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır.[26] Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa-Klaus, Körpə İsa kimi fiqurlar da vardır.[27] Hədiyyələrin verilməsi və Milad bayramının bir çox digər aspektləri iqtisadi fəallığın artması ilə bağlı olduğundan, bayram pərakəndə satıcılar və bizneslər üçün əlamətdar hadisəyə və əsas satış dövrünə çevrildi. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.