Kiran
From Wikipedia, the free encyclopedia
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir.
Kiran | |
---|---|
| |
38°56′19″ şm. e. 45°50′54″ ş. u. | |
Ölkə | Azərbaycan |
Status | Dünya əhəmiyyətli arxeoloji abidə |
Şəhər | Ordubad |
Yerləşir | Kələntər Dizə |
Əsas tarixlər |
IV əsr - Böyük Ermənistan kralı II Arşak Sasaniləri məğlub edərək Kiranı ələ keçirir və Təbrizə qədər irəliləyir. VII əsrin ortaları - Kiran şəhəri Həbibə ibn Məsləmənin sərkərdələrindən olan Salman ibn Rəbiə başçılıq etdiyi ərəb ordusu tərəfindən ələ keçirilir. 738-739 - Mərvəya ibn Məhəmməd ibn Mərvan ərəblərə qarşı üsyan qaldırmış Kiran əhalisi ilə sülh müqaviləsi bağlayır. X əsrin sonları - Mərkəzi Kiran olan Qoxtn əmiri Əbu-Düləf Naxçıvanşahlıq dövlətinin əsasını qoyur. XI əsr - Toğrul bəyin rəhbərlik etdiyi Səlcuqlu ordusu Kiran və Naxçıvanı ələ keçirir. XII əsr - Kiran şəhəri Azərbaycan Atabəylərinin hakimiyyəti altına keçir. 1221 - Monqollar Naxçıvan və Kiranı tutaraq dağıdır. 1225 - Xarəzmşah Cəlaləddin Naxçıvan və Kiran şəhərlərini ələ keçirir. XIV əsr - Kiran şəhərinin yerləşdiyi ərazi mənbələrdə Azadciran adlandırılmağa başlayır. |
Tikilmə tarixi | e.ə. IX-VI əsrlər |
Kəşf tarixi | 1896, Karl Dumberq |
Vəziyyəti | xarabalıqları qalır, tədqiqat, bərpa və konservasiya işləri görülməlidi |
İstinad nöm. | 52 |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir.
Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır. Bu qazıntılar zamanı abidə ərazisində bir neçə məzar açılaraq öyrənilir, Xarabagilan və ətraf ərazilərin qısa təsviri verilir. 1927-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin verdiyi mandat əsasında Xarabagilan ərazisində S. V. Ter-Avetisyanın rəhbərliyi Qafqaz Tarix-Arxeologiya Komitəsinin ekspedisiyası qazıntılara başlamışdır. Xarabagilan yaşayış yerinin sistematik arxeoloji tədqiqinə 1976-cı ildə Naxçıvan arxeoloji ekspedisiyasının V. Q. Əliyevin rəhbərlik etdiyi Xarabagilan dəstəsi tərəfindən başlanılmışdır. Qazıntılar nəticəsində Kiran karvansarası aşkar edilmiş və onun şimal tərəfi təmizlənmişdir. 1980-ci ildə AMEA Tarix İnstitutu tərəfindən təşkil edilmiş və Q. M. Aslanovun rəhbərlik etdiyi Xarabagilan ekspedisiyası şəhər ərazisində qazıntılara başlamışdır. Ekspedisiya üzvləri Xarabagilanın şəhər mərkəzində və yaxınlıqdakı Muncuqlutəpə nekropolunda qazıntılar aparmışdır. Ümumilikdə orta əsr şəhəri ərazisində 5000 m2 ərazidə qazıntı aparılmışdır.
Xarabagilan abidəsinin arxeoloji tədqiqi zamanı aşkara çıxarılmış artefaktlar arasında keramika məhsulları növ və keyfiyyət zənginliyi ilə diqqəti cəlb edir. S. V. Ter-Avetisyanın tədqiqatları zamanı əldə edilmiş 50-yə yaxın keramika nümunəsi hazırda Gürcüstan Milli Muzeyinin, V. M. Sısoyevin tədqiqatları zamanı əldə edilmiş 200-dən çox keramika nümunəsi Azərbaycan Tarix Muzeyində, sonrakı dövrdə Xarabagilanda araşdırmalar zamanı tapılmış keramika nümunələri isə Naxçıvan Tarix Muzeyində saxlanılır. Xarabagilan qazıntıları zamanı şəhristanın VI məhəlləsindən aşkarlanmış üstü arami yazılı bir qulplu saxsı kuzə şəhərin mədəni həyatının öyrənilməsi üçün böyük əhəmiyyət təşkil edir.
Orta əsr Azərbaycan alimləri Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani bu şəhərdə doğulmuş, böyümüş və yaşamışlar.