Barnaba İncili
From Wikipedia, the free encyclopedia
Barnaba İncili — son orta əsrlərdə yazılmış və (bu əsərdə) İsanın həvarilərindən biri olan erkən xristian şagirdi Varnavaya aid edilmiş qeyri-kanonik, psevdopiqrafik incildir.[1] XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır.
Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir.[2][3]
Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir.[4] Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır.[5]
2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır.[6] Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur.
Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz.