Şinden-zukuri
From Wikipedia, the free encyclopedia
Şinden-zukuri (寝殿造?, azərb. Əsas bina mərkəzli tikili) – Heyan dövründə, xüsusilə X əsr Yaponiyasında Heyan şəhərində aristokratların evləri üçün istifadə olunan memarlıq üslubu.[1]
Bu memarlıq üslubu əsasən Yaponiya aristokratları tərəfindən istifadə olunurdu. Bu ev standart olaraq düzbucaqlı sahədə yerləşən bağlı keçidlərlə əlaqələnən düzbucaqlı binalardan ibarət idi. Şinden (əsas bina) mərkəzdə yerləşdiyi üçün bu üsluba da şinden adı verilmişdir. Hər bina bir otaq idi. Lakin daha sonra ərzaq və dincəlmə otaqlarını ayırmağa başladılar.[1]
Şinden-zukuri Çin təsirindən qurtulub Yaponiyada özünəməxsus xüsusiyyətlər əldə etmişdir. Qüvslü, hündür, taxta kirəmitli saçaqlı damları var idi. Binanın inşasında istifadə olunan taxt yapon sərvindən idi. Dam taxta sütunlarla yerdən yüksəldilmişdi. Divarlar şocilərdən (sürgülü kağız qapı) ibarət idi. Evdə sadə atmosfer ön planda idi. Evlərin böyüklüyü sahibin vəzifəsinə görə dəyişirdi.[1]