Ziya Bünyadovun qətli
Ziya Bünyadovun öldürülməsi hadisəsi / From Wikipedia, the free encyclopedia
Ziya Bünyadovun qətli — Azərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun siyasi sui-qəsdə məruz qalması.[1] O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi.
Ziya Bünyadovun qətli | |
---|---|
Hücum yeri |
Bakı, Azərbaycan |
Hücum hədəfi | Ziya Bünyadov |
Vaxt |
21 fevral 1997-ci il 18:10 |
Hücum üsulu | Qətl |
Silah | Bıçaq və odlu silah |
Həlak olanlar | Ziya Bünyadov |
Qatil sayı | 7 |
Təşkilatçılar | "Hizbullah" və "Ceyşaullah" |
Şübhəlilər | Bax: #İddialar |
Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezidenti Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müştehidləri onun ölümünə fətva vermişdir.
Buna baxmayaraq, ictimaiyyətdə Ziya Bünyadovun qətli ilə əlaqədar çoxlu iddialar yayılmışdır. İddialara görə, Ziya Bünyadovun qətlinin səbəbi onun Murtuz Ələsgərovun Milli Məclisin spikeri təyin edilməsinə münasibəti, Milli Ordunu, hökuməti, hətta prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələməsi idi. Nəzəriyyələrdə cinayətə görə həbs olunanlar əslində günahsız olduğunu, cinayətə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarının, o cümlədən keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsinin məsulliyyət daşıması var.