Yəhya
From Wikipedia, the free encyclopedia
Yəhya ibn Zəkəriyya (ərəb. يحيى ابن زكريا) — İsa ibn Məryəmin peyğəmbərlik missiyasının həqiqiliyini təsdiq etmək üçün İsrail xalqına göndərilmiş islam peyğəmbəri. İncildəki Vəftizçi İohanna uyğun gələn Zəkəriyya peyğəmbərin oğlu. Quranda adı 5 dəfə çəkilir. İslam inancına görə Yəhya İsanın peyğəmbərliyini söyləyən, ona inanan və ona yəhudilər arasında dini yaymağa kömək edən ilk peyğəmbər idi.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yəhya peyğəmbərin adı Quranda daha çox atası Zəkəriyyanın əhvalatlarında, o cümlədən "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələrində çəkilir. Yalnız "Məryəm" surəsində ayrıca olaraq onun fəzilətlərindən söz açılır. Bu surədə Yəhyaya bəxş olunan ilahi nemətlərdən söz açılır. "Ali-İmran" surəsində də Zəkəriyyaya oğlu Yəhyanın müjdəsini verərkən onun fəzilətlərindən bir neçəsi sadalanır. Bunlar: (Zəkəriyyanın əhvalatında dediyi kimi) Yəhyanın İsaya imanı və onun peyğəmbərliyini təsdiq etməsi, Yəhyanın ağalıq və alicənablığı, onun evlənməkdən pərhiz etməsi və peyğəmbərlik məqamıdır.
"Ali-İmran" surəsində Allah buyurur: "Allah sənə özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməli salehlər cərgəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir".
"Məryəm" surəsindəki ayələr bundan ibarətdir: "Ey Yəhya, bu kitabı (Tövratı) möhkəm tut. Hikmət və elmi uşaqlıqdan ona verdik. Mehr-məhəbbəti və paklığı öz tərəfimizdən ona əta etdik. O, pəhrizkar və ata-anasına xeyir verən idi. O, tərs və nadinc deyildi. Bizim salamımız (yəni salamatlıq və əmin-amanlığımız) onun dünyaya gəldiyi gündən ölümünə və yenidən dirildiyinə qədər onunladır".
İbn Abbas "Və atəynahul hukmə səbiyya" cümləsinin təfsirində deyir: -"Yəhya üç yaşında peyğəmbərlik məqamına çatdı".
Əhli-Beyt rəvayətlərində Yəhyanın böyüklüyü və hikmətli şəxs olduğu barədə yazılır ki, onun yaşında olanlar dedilər: -"Gəl gedək oynamağa!" Yəhya onlara cavab verdi: -"Biz oynamaq yox, böyük işlər görmək üçün yaranmışıq".
Əbu Həmzə Sumali "Və hənanən min lədunna" cümləsinin təfsirində yazır ki, İmam Sadiq buyurdu: -"Bu cümlədən məqsəd Allahın Yəhyaya lütf və mərhəmətinin nə qədər olmasıdır. Əbu Həmzə deyir ki, mən imamdan Allahın ona nə qədər məhəbbət bəsləməsi barədə soruşanda o, belə buyurdu: -"Allahın ona o qədər mərhəməti var idi ki, Yəhya "ya Rəbb" deyəndə, Allah onun cavabında "Ləbbeyk ya Yəhya" (hazıram ey Yəhya) buyurardı.
"Vələm yəkun cəbbarən əsiyya" cümləsinin təfsirində şiə və sünni mühəddisləri Məhəmməd peyğəmbərdən bu rəvayəti nəql edirlər: "Yəhya heç vaxt ömründə günah etmədi."
Şeyx Səduq "Uyun" və "Xisal" kitablarında yazır ki, İmam Rza "Və səlamun ələyhi yəvmə vulidə və yəvmə yəmutu və yəvmə yub`əsu həyya" ayəsinin təfsirində belə buyurub: -"İnsanların ən vəhşətli və qorxulu vaxtları üç yerdədir. Birincisi, anadan olub bu dünyaya qədəm qoyan gün, ikincisi, ölüm günü və üçüncüsü Qiyamət gününün çətinlikləri. Allah taala bu şərif ayədə həmin üç vaxtda Yəhyanın salamat və rahatçılıqda olacağını xəbər verir. Necə ki, həzrət İsanı da həmin vəhşətlərdə rahat olacağını xatircəm edir. "Məryəm" surəsində buyurur: "Doğulduğum gün, öldüyüm gün və Qiyamət günü mənə salamatlıq ver".