Yaponiyanın nüvə silahı proqramı
From Wikipedia, the free encyclopedia
Yaponiyanın nüvə silahı proqramı (日本の原子爆弾開発, Nihon no genshibakudan kaihatsu?) — ilk dəfə İkinci dünya müharibəsi zamanı Yaponiya imperiyası tərəfindən həyata keçirilmiş nüvə silahı proqramına verilən ad. Almaniya nüvə silahı proqramı kimi Yaponiyanın da nüvə silahı proqramı müxtəlif problemlərlə üzləşmiş və Hiroşima ilə Naqasakinin 1945-ci ilin avqustunda ABŞ tərəfindən atom bombardmanına məruz qalmasından öncə laboratoriya mərhələsindən o tərəfə keçə bilməmişdir.
Hal-hazırda Yaponiyanın nüvə enerjisi infrastrukturu Yaponiyaya nüvə silahları hazırlamağa imkan verir. Yaponiyanın qeyri-hərbiləşdirilməsi və ABŞ-nin nüvə qalxanı Yaponiyada nüvə silahlarının istehsalı ilə bağlı ciddi məhdudiyyətlər qoysa da, Şimali Koreyanın nüvə silahı sınaqları keçirməsi Yaponiyada bəzi siyasətçilərin və hərbçilərin bu siyasətdən imtina edilməsinə dəstək vermələrinə səbəb olmuşdur.[1][2]
1934-cü ildə Tokio Universitetinin professoru Hikoasaka Tadayoşi "atom fizikası nəzəriyyəsi"ni yayımlamışdır. Hikosaka bildirmişdi ki, atomun nüvəsi özündə böyük enerji saxlayır və bu enerjinin ayrılması məişətdə və silahların alınmasında istifadə oluna bilər.[3] 1938-ci ilin dekabrından alman kimyaçılar Otto Han və Frits Ştrassman "Naturwissenschaften" jurnalına göndərdikləri əlyazmada uran elementinin neytronlarla bombardmanı zamanı barium elementinin müşahidə olunduğunu qeyd etmişdirlər.[4] Onlar bu məlumatı Liza Meytnerə və xalası oğlu Otto Robert Frişə çatdırmışdırlar. Onlar bu hadisənin nüvə parçalanması olduğunu güman etmiştirler[5] və 13 yanvar 1939-cu ildə Friş bunu təcrübi yolla təsdiqləmişdir.[6] Bütün dünyadakı fizikaçıları dərhal zəncirvari nüvə reaksiyalarının həyata keçirilə biləcəyini anlamış və hökumətlərini nüvə silahlarının istehsalının mümkünlüyü barədə məlumatlandırmışdırlar.