Skalzi kilsəsi (Venesiya)
From Wikipedia, the free encyclopedia
Santa Mariya di Nazaret kilsəsi (it. Chiesa di Santa Maria di Nazareth) — İtaliyanın Venesiya şəhərində yerləşən Roma katolik məbədidir. O, şəhər sakinləri tərəfindən daha çox "Skalzi kilsəsi" olaraq adlandırılır və bunun başlıca səbəbi, binada, yaradıldığı gündən etibarən Ayaqyalın Karmelitlər Ordeninin yerləşməsi idi (Skalzi (it. Scalzi) — italyan dilindən tərcümədə "ayaqyalın" deməkdir). XVII əsrin parlaq və möhtəşəm Venesiya barokkosu üslubunun təkrarolunmaz nümunəsi sayılan bu kilsə, dahi memar Baldassaro Longinin layihəsi əsasında inşa edilmişdir.
Santa Mariya di Nazaret kilsəsi | |
---|---|
it. Chiesa di Santa Maria di Nazareth | |
45°26′28″ şm. e. 12°19′19″ ş. u. | |
Ölkə |
İtaliya Veneto (vilayət) |
Yerləşir | Venesiya |
Aidiyyatı | Venesiya patriarxatının Roma-Katolik kilsəsi |
Memar | Baldassare Longena və Cuzeppe Sardi |
Tikilmə tarixi | 1672-1680 |
Üslubu | Barokko memarlığı |
Material | kərpic |
Rəsmi sayt | chiesadegliscalzi.it/ch/ |
Vikianbarda əlaqəli mediafayllar |
Skalzi kilsəsi, Venesiyanın Kannareco sestierisində, daha dəqiq desək, Santa Luçiya dəmiryol vağzalı ilə qonşuluqda yerləşir. Vağzaldan şəhərə daxil olan bütün qonaqlar, Kanal Qrandeni keçərək, şəhərin mərkəzinə üz tutmaq üçün adətən kilsənin yaxınlığında yerləşən Ponte delyi Skalzi adlı böyük körpüdən və ya Ferrovia adlanan vaporetto stansiyasından istifadə edirlər.