Roma imperiyasında xristianların təqibi
From Wikipedia, the free encyclopedia
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən, daimi xarakter daşımayan və adətən lokal xarakterli təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı.
Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir.[1] Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir. Desinin dövründə xristianların təqibi xüsusilə genişmiqyaslı olmuşdur. İmperator I Valerianın (253–260) dövründəki təqib onun İran–Roma müharibələri zamanı baş tutan Edessa döyüşündə Sasani imperiyasının şahənşahı I Şapur (240–270) tərəfindən əsir götürülməsi ilə sona çatmışdır. Onun xələfi Qallien (253–268) təqiblərə müvəqqəti olaraq son qoymuşdur.
Avqust Diokletianın (283–305) hakimiyyəti dövründə aparılan kampaniya xristianların son ümumi təqibi idi. Bu, Avqust Qalerinin (310–313) Serdika fərmanını imzalamasından və və Avqust II Maksimin Dazanın (310–313) vəfat etməsindən sonra da imperiyanın bəzi yerlərində davam etmişdir. Böyük Konstantin (306–337) rəqibi Maksensini (306–312) 312-ci ilin oktyabrında Mulvi körpüsündə döyüşdə məğlub etdikdən sonra həmimperator Lisini ilə birlikdə bütün dinlərin tətbiqinə icazə verən, o cümlədən xristianlığa tolerantlığı bərqərar edən Milan fərmanını (313) vermişdir.