Qalmaqal (IV mövsüm)
From Wikipedia, the free encyclopedia
Qalmaqal teleserialının dördüncü mövsümünün premyerası 25 sentyabr 2014-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 14 may 2015-ci ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Dördüncü mövsümdə Şonda Rayms mövsümün şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios, ShondaLand Production Company və The Mark Gordon Company birlikdə məşğul olmuşdur. 7 may 2015-ci ildə ABC serialın beşinci mövsümünün çəkiləcəyini elan etmişdir.[1]
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 22 |
Orijinal kanal | ABC |
Orijinal efir | 25 sentyabr 2014 (2014-09-25) – 14 may 2015 (2015-05-14) |
Qalmaqal teleserialının seriyaları |
Bu mövsümdə əsas rolları canlandırmış doqquz aktyorun hamısı əvvəlki mövsümlərdə də rol almış, onlardan altısı isə birinci mövsümdən serialın səkkiz əsas aktyoru sırasına daxil olmuşdur. Serial cümə axşamları 9:00 pm-də efirə verilmişdir ki, bu da əvvəlki mövsümlərin efirə verildiyi saatdan bir saat sonradır. Yeni efir vaxtı ShondaLand Production Company tərəfindən istehsal olunan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” adlı yeni teleserial üçün efir vaxtı yaradılması təyin edilmişdir.
Mövsümün istehsalına iyul ayında başlanılmış, Rayms yazdığı tvitdə ssenaristlərin birlikdə çalışaraq ideyaları birləşdirməyə çalışdığını və mövsümün xəritəsini hazırladığını bildirmişdir. Dördüncü mövsümün çəkilişlərinə 28 iyul 2014-cü ildə start verilmiş və çəkilişlər 28 aprel 2015-ci ildə tamamlanmışdır.
Dördüncü mövsüm tənqidçilər tərəfindən ümumi alqışla qarşılanmış və bir çoxları “çirkli” adlandırılmış üçüncü mövsümdən sonra serialın irəli aparılmasını dəyərləndirmişlər. ABŞ-nin Missuri ştatının Sent-Luis dairəsindəki Ferquson şəhərində Darren Vilson adlı ağ dərili polis nəfərinin 18 yaşlı qara dərili Maykl Braunu səhvən qətlə yetirməsinə istinad edən “Şezlonq” seriyası xüsusi müzakirələrə səbəb olaraq həm çoxsaylı tərif, həm də tənqid almışdır. Bir çoxları şouranner Şonda Raymsı televiziya üçün qeyri-adi olan dialoqlara, silahsız qara dərili gəncin güllələnməsi ətrafındakı hadisələrin əks etdirilməsinə görə tərifləmiş, bəziləri isə hadisələrin qeyri-real və emosional təsvir edilməsinə görə onu tənqid etmişlər.