Qafqaz Albaniyasının memarlığı
From Wikipedia, the free encyclopedia
Qafqaz Albaniyasının memarlığı — Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır.
Müqəddəs Yelisey kilsəsinin (IX–XII əsrlər) dövrümüzə çatmış interyeri (solda) və
Kabalaka qala divarlarının (III–IV əsrlər) əsas girişini əhatələyən qüllələrin
dövrümüzə çatmış qalıqları (sağda)
Yeddi kilsə monastırının (IV–V əsrlər) şərq bazilikasının qalıqları (solda) və
Qum bazilikasını (IV–V əsrlər) neflərə bölən kolonnadaların qalıqları (sağda)
Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan və Cavanşirin hakimiyyətləri dövrünə təsadüf edir.
IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür.
B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır. Erkən orta əsrlərdə Qafqaz Albaniyası ərazisində unikal memarlıq xüsusiyyətlərinə malik dairəvi məbədlər inşa edilir. VII əsrdən başlayaraq isə zal kompozisiyalı binalara günbəzlər əlavə edilir. V–VI əsrlərdən etibarən Qafqaz Albaniyasında xaç-günbəz tipli kilsələrin inşasına başlanılır, VII əsrdən bu tipli dini binalar geniş yayılır.
Qafqaz Albaniyasının memarlığı Cənubi Qafqaz və Cənubi Dağıstan xalqlarının memarlığına təsir etmişdir.