Prometeizm
From Wikipedia, the free encyclopedia
Prometeizm və ya Prometeanizm (polyakca: Prometeizm) — 1918-ci ildən 1935-ci ilə qədər mövcud olmuş İkinci Polşa Respublikasının əsas dövlət xadimi Yozef Pilsudski tərəfindən başladılmış siyasi layihə. Layihənin əsas məqsədi Rusiya imperiyası və onun varis dövlətlərini zəiflətmək idi. Bu dövlətlər siyahısına Sovet İttifaqı da daxil idi. Layihə Rusiya və Sovet İttifaqı sərhədləri daxilində yaşayan əsas qeyri-rus xalqların millətçilik hərəkatlarını dəstəkləməyi ehtiva edirdi.[1]
Dünya müharibələri arasında Prometeizm və Pilsudskinin "İntermarium federasiyası" kimi digər konsepsiyaları onun və bəzi siyasi varisləri üçün bir-birini tamamlayan iki geosiyasi strategiya təşkil edirdi. İddia edilir ki, Pilsudski təkcə Polşa milli dövlətini deyil, Şərqi Avropanın böyük gücü kimi Rusiyanı əvəz edəcək Polşanın himayəsi altında daha böyük xalqlar federasiyası qurmağa ümid edirdi. Buraya Litva, Belarusiya və Ukrayna da daxil olmalı idi. Onun planı parçalanmış və əhəmiyyətli dərəcədə gücsüzləşdirilmi Rusiya yaradılmasını nəzərdə tuturdu və mütləq hərbi qələbəyə qədər danışıqları rədd edirdi.[2]
"Prometey" hərəkatı yaradılmasının ilk təəssübkeşlərindən biri Başqırdıstan Respublikasının ilk rəhbəri olmuş (1917, noyabr) Əhməd Zəki Validov-Toğan idi. 1923-cü ildə o, Parisə gəldikdə Mustafa Çokayoğlu, Əlimərdan bəy Topçubaşov və Səbri Maqsudi ilə tanış olur. 1924-cü ilin iyununda o, Polşa hökumətinin rəsmi nümayəndəsi olan cənab Stempovski ilə görüşür. Bu görüşdə Fransada "Prometey" jurnalının yaradılması qərara alınır. Jurnalın redaksiya heyəti daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və başqaları.[3]