Nizami Gəncəvinin divanı
nurgül / From Wikipedia, the free encyclopedia
Nizami Gəncəvinin divanı (fars. دیوان نظام گنجوی) — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır.
Nizami Gəncəvinin divanı | |
---|---|
fars. دیوان نظام گنجوی | |
Müəllif | Nizami Gəncəvi |
Orijinalın dili | fars dili |
Sonrakı | Sirlər xəzinəsi |
Dünya aləmində daha çox "Nizami Gəncəvi" adı ilə tanınan, amma əsl adı İlyas olan bu böyük şairin lirik irsindən əldə olan nümunələr klassik Şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami Gəncəvi lirikasının əsas mövzusu olmuşdur.
Nizami Gəncəvinin divanının öyrənilməsi daha gec başlanılsa da, şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər. Divanın bəzi hissələri müxtəlif orta əsr cünk və təzkirələrində yaşamışdır. Nizami divanının əldə edilmiş hissələri göstərir ki, o, özündən əvvəl yazıb-yaratmış Rudəki, Nasir Xosrov Qubadyani, Sənai, Ənvəri, Qətran Təbrizi və Xəqani kimi şairlərin mütərəqqi ənənələrini davam və inkişaf etdirmiş, poeziyanı həyata, insanın arzu və əməllərinə yaxınlaşdırmışdır.