Neftçi–Qarabağ 0:6
Azərbaycanda futbol matçı / From Wikipedia, the free encyclopedia
Neftçi–Qarabağ 0:6 — 2020/21 Azərbaycan Premyer Liqası mövsümünün 8 noyabr 2020-ci ildə keçirilən IX turunda "Neftçi" Bakı PFK-nin öz meydanında, "Bakcell Arena"da "Qarabağ" Ağdam FK-nı qarşıladığı matç. Matçdan əvvəl "Neftçi" 2-ci yerdə qərarlaşmış, 2020/21 UEFA Avropa Liqası mövsümündə iştirak etdiyindən ölkə çempionatında bir oyun geridən başlamış "Qarabağ" isə 3-cü pilləni tutmuşdu. Avroliqa mövsümündəki məğlubiyyətlərindən qayıdan "Qarabağ" öz meydanında "Keşlə"yə 6:1 hesabla qalib gəlmiş, "Neftçi" isə çempionatın lideri "Sumqayıt" ilə heç-heçə etmişdi. Bu, Azərbaycan derbisinin 81-ci matçı, "Qarabağ"ın isə "Neftçi" üzərindəki 30-cu qələbəsi idi.
Neftçi–Qarabağ 0:6 | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | 2020/21 Azərbaycan Premyer Liqası | ||||||
|
|||||||
Tarix | 8 noyabr 2020 | ||||||
Yer | Bakcell Arena, Bakı | ||||||
Hakim | Rəhim Həsənov | ||||||
Tamaşaçı | 0[lower-alpha 1] |
Koronavirus pandemiyası səbəbilə Peşəkar Futbol Liqasının aldığı qərarə əsasən, mövsüm boyunca keçirilən oyunlar azarkeşsiz keçirilmiş, bu qayda 11 min azarkeş tutumuna malik "Bakcell Arena"da da icra olunmuşdur. Həmçinin, oyunun keçirildiyi tarixdə Şuşanın işğaldan azad edildiyi açıqlanmışdı, bu səbəbdən futbolçular meydana üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" yazılan banner ilə çıxmışdır. Matçın baş hakimi Rəhim Həsənov, köməkçi hakimləri isə Namiq Hüseynov, Cəmil Quliyev və Orxan Məmmədov olmuşdur. Oyunda hesabı "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç 20-ci dəqiqədə açmış, birinci taym isə 29-cu dəqiqədə özünün penalti ilə və 38-ci dəqiqədə Mahir Emrelinin vurduğu qollar isə 0:3 olmuşdur. İkinci taymda da oxşar mənzərəyə malik olan matçın 50-ci dəqiqəsində Abdullah Zubir qol vurmuş, 52-ci dəqiqəsində isə Ozobiç het-trik müəllifi olmuşdur. Oyunun 75-ci dəqiqəsində Musa Qurbanlının vurduğu qol ilə hesab 0:6 olmuşdur.
Matç Azərbaycan derbisindəki ən böyükhesablı oyun, "Neftçi"nin ən böyük məğlubiyyəti idi. Oyun həmçinin, cari mövsümündə "Neftçi"nin ən böyükhesablı məğlubiyyəti, həm də mövsümdə qeydə alınan ən böyükhesablı səfər qələbəsi idi. "Neftçi"nin prezidenti Kamran Quliyev bu məğlubiyyəti "faciə" adlandırmış, klubun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov isə istefa etmişdir. Çox keçməmiş, Samir Abbasov "Neftçi"nin baş məşqçi vəzifəsinə təyin olunmuşdur. Mövsümün finalında "Neftçi" yenidən "Qarabağ"la qarşılaşmış, lakin bu dəfə 1:0 hesabı ilə Ağdam təmsilçisinə üstün gələrək yeddi il sonra ölkə çempionu olmuşdur.