Marafon döyüşü
e.ə. 490-cı ildə yunanlarla-farslar arasında olan döyüş / From Wikipedia, the free encyclopedia
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu.
Marafon döyüşü | |||
---|---|---|---|
Yunan-İran müharibələri | |||
Tarix | 12 sentyabr e.ə. 490 | ||
Yeri | Marafon, Yunanıstan | ||
Nəticəsi |
Yunanların qalibiyyəti Fars qoşunları 10 illik Yunanıstandan qovuldu[1] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!". Daha sonra Herodot yazır ki, sonradan Dara xidmətçilərindən birinə hər nahardan sonra bu sözləri onun qarşısında təkrar etməyi əmr etmişdir: "Ağam! Afinalıları yadına sal!".[2]
Döyüş zamanı Sparta və Afina Yunanıstanın iki ən böyük şəhərləri idilər. Farslar e.ə. 494-cü ildə Lade döyüşündə qələbə qazanaraq, İoniya üsyanını tamamilə dəf etdilər və Dara Yunanıstanı zəbt eləməyi planlaşdırmağa başladı. E.ə. 490-cı ildə o, Kiklad adalarını əsarət altına almaq üçün, Egey dənizi vasitəsilə Datis və Artafernin komandanlığı altında hərbi-dəniz qoşunu göndərdi, daha sonra o, Afina və Eretriyaya hücum etməyi planlaşdırmışdır. Egey dənizində uğurlu hərbi səfərindən sonra farslar yay mövsümünün ortasında Evbeya adasına çatdılar və Eretriyanı ələ keçirməyə başladılar. Daha sonra fars qoşunu Attika tərəfə üzdü və Marafon şəhərinin yaxınlığında yer saldı. Afinalıların köməyinə Plateyadan kiçik qoşun göndərilmişdir və onlar Marafon düzənliyinə çataraq, buradan iki çıxışın təcrid edilməsinə nail oldular. Afinalılar yardım üçün spartalılara da müraciət etmişdilər. Qasid Spartaya çatanda, spartalılar dini bayramın keçirilməsi ilə məşğul idilər və onlar köməyə gəlməmələrini bu bəhanəylə əsaslandırmışdılar.
Afinalılar və onların müttəfiqləri döyüş üçün dağlıq və bataqlı yer seçdilər ki, bu da farsların atlı qoşunlarına özlərinin piyada ordusuna çatmağa manə oldu. Afinalıların komandanı Miltiad cinahları möhkəmləndirərək farsların ən yaxşı döyüşçülərini mərkəzə cəlb etdi. Fars ordusu təşvişə düşərək öz gəmilərinə doğru qaçırdılar və bu baş verərkən onlar çox sayda itki verdilər. Farsların Marafon döyüşündə məğlubiyyəti ilə Yunanıstana ilk hücumları bitdi və onlar Asiyaya çəkildilər. Daha sonra Dara bütöv Yunanıstanı fəth etmək üçün böyük qoşun toplamağa başladı, lakin onun planlarına e.ə. 486-cı ildə Misirdə baş verən üsyan mane oldu. Daranın ölümündən sonra onun oğlu Kserks Yunanıstana ikinci dəfə yürüş etmək üçün hazırlıqları bərpa etdi və e.ə. 480-ci ildə hərbi əməliyyatı başlatdı.
Marafon döyüşü yunanlara farslar üzərində qalibiyyətin mümkün olduğunu göstərdi və onlara Yunan-İran müharibələrində geri dönüş etmələri üçün şərait yaratdı. Döyüş yunanların bu müharibədə uğurla çıxış etmələrinin başlanğıc nöqtəsi oldu. Döyüş həmçinin yunanlara nümaiş etdirdi ki, onlar spartalılar olmadan da qələbə qazana bilərlər, bundan qabaq isə onlar Spartaya bel bağlayırdılar. Marafon döyüşü tez-tez Aralıq Dənizi və Avropa tarixlərində əsas məqam kimi qiymətləndirilir, çünki döyüşdən sonra növbəti iki yüz il ərzində klassik yunan sivilizasiyasının inkişafı başladı, hansı ki qərb cəmiyyətində uzunmüddətli nüfuza sahib idi.