III Riçard
From Wikipedia, the free encyclopedia
III Riçard (ing. Richard III of England) (2 oktyabr 1452 – 22 avqust 1485) — İngiltərə və İrlandiyanın York sülaləsindən olan son kralı. İngiltərədə orta əsrlər dövrünü sonlandıran Gül müharibəsinin həlledici döyüşü olan Bosvort döyüşündə məğlub oldu və öldürüldü. Uilyam Şekspirin "III Riçard" adlı tarixi pyesinin baş qəhrəmanıdır.
III Riçard | |
---|---|
ing. Richard III | |
26 iyun 1483 – 22 avqust 1485 | |
Əvvəlki | V Eduard |
Sonrakı | VII Henri |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 oktyabr 1452 |
Vəfat tarixi | 22 avqust 1485 (32 yaşında) |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | monarx |
Atası | Yorklu Riçard[1] |
Anası | Sesilya Nevil[1] |
Həyat yoldaşı |
|
Ailəsi | York sülaləsi |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük qardaşı IV Eduardın 1483-cü ilin aprelində vəfatından sonra taxta onun 12 yaşlı oğlu V Eduard çıxarıldı və qardaşının vəsiyyətinə uyğun olaraq Riçard gənc kralın naibi elan olundu. Ancaq 22 iyun tarixinə planlanan tacqoyma mərasimindən bir neçə gün əvvəl yeni kralın valideynlərinin nigahı qanunsuz, övladları isə qeyri-məşru elan edildi və beləcə taxtdan əl çəkdirildilər. 25 iyunda toplanan lordlar palatasının verdiyi qərarla Qloster hersoqu olan Riçard kral elan edildi. 6 iyul 1483-cü ildə baş tutan tacqoyma mərasiminin ardından devrilən V Eduard və kiçik qardaşı York hersoqu Riçard London qalasına həbs olundu və onlardan bir daha heç bir məlumat alınmadı. Gənc şahzadələrin əmiləri tərəfindən öldürüldüyü iddia edilsədə, bu barədə nə bir dəlil, nə də cəsəd tapılmadı.
Səltənəti illərində III Riçarda qarşı 2 böyük üsyan baş verdi. Bunlardan ilki 1483-cü ilin oktyabrında IV Eduardın sadiq müttəfiqi olan Bukingem hersoqu Henri Stafford tərəfindən başlansa da, üsyan qısa zamanda yatırıldı. Daha sonra 1485-ci ildə Henri Tüdor və əmisi Asper Tüdor topladıqları fransız birlikləriylə cənubi Uelsdə üsyan başlatdı və Bosvort düzənliyində III Riçardın ordusunu darmadağın etdi. Ələ keçirilən III Riçard öldürüldü və döyüşdə həlak olan son İngiltərə kralı olaraq tarixə düşdü. Ardından Henri Tüdor VII Henri adıyla taxta çıxdı.
Döyüş meydanından tapılan cəsədi Lester qəsəbəsinə aparıldı və burada sadə bir mərasimlə dəfn olundu. Ancaq İngiltərə inqilabı illərində məzar daşının oğurlandığına və cəsəd qalıqlarının Soar çayına atıldığına inanılırdı. Nəhayət, 2012-ci ildə III Riçard cəmiyyəti tərəfindən aparılan arxeoloji qazıntılar zamanı cəsədi tapıldı və həm radiokarbon tarixləmə üsulu, həm də böyük bacısı Yorklu Annanın məzarından alınan DNA nümunələri ilə cəsədin mərhum krala aid olduğu isbat olundu. Müvafiq prosedurun ardından cəsəd 26 mart 2015-ci ildə Lester kafedralına dəfn olundu.