Harri Potter və Fəlsəfə Daşı (roman)
From Wikipedia, the free encyclopedia
Harri Potter və Fəlsəfə Daşı (ing. Harry Potter and the Philosopher's Stone, amerika versiyası: Harry Potter and the Sorcerer's Stone) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ilk romandır. Romanda gənc Harrinin sehrbaz olmasını öyrənməsi, Hoqvartsda dostlar tapması və ilk ildəcə düşmənlərlə qarşılaşmasından bəhs edilir. Dostlarının köməyi ilə Harri, onun valideynlərini öldürmüş, lakin zəifləmiş Lord Voldemortun geri qayıtmaq planının qarşısını alır.
Bu məqalə Harri Potter və Fəlsəfə Daşı romanı haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Harri Potter və Fəlsəfə Daşı (film, 2001) səhifəsinə baxın. |
Harry Potter and the Philosopher's Stone | |
Müəllif | Coan Roulinq |
Janr | Roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 30 iyun 1997 |
Tərcüməçi | Fəxrəddin Ağazadə |
Rəssam |
Tomas Teylor (BB) Meri QrandPri (ABŞ) |
Seriya | Harri Potter (romanlar seriyası) |
Nəşriyyat |
Bloomsbury Scholastic Raincoast Росмэн-Издат Qanun nəşriyyatı |
Səhifə |
223 (BB) 309 (ABŞ) 399 (Rusiya) 368(Azərbaycan) |
Əvvəlki | prikvel |
Sonrakı | Harri Potter və Sirlər Otağı |
ISBN | ISBN 5-353-00308-X |
Roluinqin debüt kitabı olan bu roman ilk dəfə 26 iyun 1997-ci ildə "Bloomsbury" nəşriyyatı tərəfindən Londonda nəşr edilmişdir. 1998-ci ildə "Scholastic Corporation" nəşriyyatı "Harri Potter və Sehrbaz Daşı" (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi. Kitab BK və ABŞ-də bir çox mükafatlara layiq görülmüşdür. 1999-cu ilin avqustunda kitab "The New York Times"ın ən çox satılan fentezi romanları siyahısında birinci yerə yüksəlmiş, 1999–2000-ci illər ərzində bu mövqeyə yaxın yerlərdə qərarlaşmışdır. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş roman 2011-ci ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Roman əsasında 2001-ci ildə eyni adlı film çəkilmişdir.
Əksər tənqidçilər Roulinqin zəngin fantaziyası, sadə, düzgün nəql stilini və aydın süjet qurma bacarığını yüksək qiymətləndirsələr də, bəziləri romanın son fəsillərində çox hadisə "sığışdırıldığını" bildirmişlər. "Harri Potter və Fəlsəfə Daşı" əsəri Roulinqin sevimli yazıçısı olan Ceyn Ostinin əsərləri, Harri Potter romanlarından əvvəl uşaq ədəbiyyatının ən məşhur nümunələrini yaratmış Roald Dalın əsərləri və qədim yunan yazıçısı Homerin əsərləri ilə müqayisə edilmişdir. Bəzi tənqidçilər romanı viktorian və edvardian dövrünün məktəb romanları ilə müqayisə edərkən, bəziləri də etik və sosial normaları baxımından romanın müasir ədəbiyyat nümunəsi olduğunu bildirmişlər.
Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi bu əsər də bəzi dini qrupların hücumlarına məruz qalmış, cadugərliyi təbliğ etməsi iddiası ilə bəzi ölkələrdə qadağan olunmuşdur, lakin, bəzi xristian alimləri romanın özünə inam və özünü inkişaf etdirmə kimi xristian dəyərlərini təbliğ etdiyini bildirmişlər. Kitabların məşhurluğunu və ədəbi dəyərini nəzərə alan pedaqoqlar Harri Potter seriyasından olan digər romanlar kimi "Fəlsəfə Daşı" romanının da uşaqların ədəbiyyat təhsilində istifadə olunmasına qərar vermişlər. Romanlar seriyası həm də təhsil texnikası, sosial analiz və marketinq üsullarının tədqiqində mənbə kimi istifadə olunmaqdadır.