Geniş bağlanmış gözlərlə (film, 1999)
From Wikipedia, the free encyclopedia
"Geniş bağlanmış gözlərlə" (ing. Eyes Wide Shut; sətri tərc. "Geniş bağlanmış gözlər") — Avstriya yazıçısı Artur Şnislerin "Yuxular haqqında novella" povesti əsasında rejissor Stenli Kubrikin çəkdiyi bədii film. İlkin mənbədən fərqli olaraq, burada hadisələr 1920-ci illər Vyanasından 1990-cı illərin Manhetteninə gətirilib. Baş rolları o zamankı ər-arvad Tom Kruz və Nikol Kidman ifa edirlər[⇨]. Film izdivac həqiqətləri probleminə toxunur və özündə freydist işarələri ehtiva edir. Baş qəhrəman olan həkim Uilyam Harfordun Nyu-York küçələrində dolaşması yuxu və reallıq arasındakı hadisəni xatırladır.
Geniş bağlanmış gözlərlə | |
---|---|
ing. Eyes Wide Shut | |
Janr |
Triller Dram |
Əsas mövzu | İnsanın seksuallığı |
Rejissor | Stenli Kubrik |
Prodüser | Stenli Kubrik |
İcraçı prodüser | Stenli Kubrik |
Əsərin müəllifi | Artur Şnisler |
Ssenari müəllifləri |
Stenli Kubrik Frederik Rafael |
Baş rollarda |
Tom Kruz Nikol Kidman |
Operator | Lerri Smit |
Bəstəkar | Joslin Puk |
İstehsalçılar |
Warner Bros. Hobby Films LTD Pole Star Production Stanley Kubrick Productions |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi |
16 iyul 1999, ABŞ 10 sentyabr 1999, Birləşmiş Krallıq |
Filmin digər adı | Geniş yumulmuş gözlərlə |
Filmin növü | bədii film |
Müddət | 159 dəqiqə[1] |
Büdcə | 65 milyon $[2] |
Gəlir | 162 milyon $[2] |
Ölkələr |
ABŞ Birləşmiş Krallıq |
Dil | ingilis dili |
İl | 1999 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID0120663 |
Vikianbarda əlaqəli mediafayllar |
Çəkilişlər 1996-cı ilin noyabrından 1998-ci ilin iyununadək Londonda aparılmışdır. Kruz və Kidman rejissora lazım olduğu qədər çəkiləcəkləri öhdəliyi ilə bağlı açıq müqaviləyə imza atmışdılar. Stenli Kubrik vaxt çərçivəsinə əhəmiyyət vermədiyi üçün çəkilişlər ciddi surətdə uzanmışdı. Çəkilişlər zamanı rejissor dubl sayına görə şəxsi rekordunu üstələmişdi.
Warner Bros. studiyası filmin geniş reklam kampaniyasını təşkil etmişdi. Bununla yanaşı, süjetin bütün xırdalıqları ciddi sirr kimi saxlanılırdı. KİV-də gələcək filmin fəsadlı və pornoqrafik məzmunu ilə bağlı söz-söhbət yayılmışdı. Stenli Kubrik filmin prokata çıxmasına bir neçə ay qalmış vəfat etdi. "Geniş bağlanmış gözlərlə" filminin premyerası 13 iyul 1999-cu ildə Los-Ancelesdə baş tutdu. Kubrikin karyerasındakı sonuncu filmi prokatdan 162 milyon dollar gəlir əldə edərək rejissorun ən mənfəətli işi kimi böyük kommersiya uğuruna imza atdı. Film ekranlara çıxdıqdan sonra baş rolların ifaçıları Tom Kruz və Nikol Kidman ayrıldılar. Boşanma prosesi KİV-in diqqət mərkəzinə çevrildi. Jurnalistlər bir-birindən bezən ər-arvad rolunu oynayan aktyorların bu hissləri uzun müddət yaşamasını ayrılıq səbəbi kimi görürdülər.
Film haqqında peşəkar tənqidçilərin rəyi ziddiyyətli idi. Bəziləri onu Stenli Kubrikin ən uğursuz filmi adlandırır, əsəri qeyri-aktual, ssenari və pavilyon çəkilişlərinin boşluqlarla dolu olduğunu deyirdilər. Başqa tənqidçilər isə bu filmi "şah əsər" sayırdılar. Filmin estetikası XXI əsr mədəniyyətinə və həmin dövrdə yaranan incəsənət əsərlərinə təsir göstərdi.