Fullmetal Alchemist fəsillərinin siyahısı
From Wikipedia, the free encyclopedia
"Fullmetal Alchemist" manqası yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur.[1][2] Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir.
22 yanvar 2002-ci ildə "Square Enix" tərəfindən
"Fullmetal Alchemist" üçün Yaponiyada buraxılmış
ilk tankobon üz qabığı.
"Square Enix" fəsilləri tankobon formatında cəmləşdirmişdir. İlk cild 22 yanvar 2002-ci ildə, sonuncu — 27-ci cild isə isə 22 noyabr 2010-cu ildə çap edilmişdir.[3][4] Çox az fəsil Yaponiyada iki "Extra number" jurnalda yenidən yayımlanmışdır. Bundan başqa ilk 9 fəsli, eləcə də digər yan hekayələri özündə cəmləşdirən "Fullmetal Alchemist: The First Attack" da yayımlanmışdır.[5] 22 iyul 2011-ci ildə "Square Enix" manqa seriyasını kanzenban formatında yenidən çap etdirməyə başlamışdır.[6] "Viz Media" Şimali Amerikada manqanın ingilisdilli nəşrlərini yayımlamışdır. İlk cild 3 may 2005-ci ildə, sonuncusu isə 20 dekabr 2011-ci ildə nəşr olunmuşdur.[7][8] 7 iyun 2011-ci ildə "Viz Media" seriyanı birində üç cild olmaqla omnibus formatında yayımlamağa başlamışdır.[9]
"Bones" animasiya studiyası manqa seriyası əsasında iki anime adaptasiyası çəkmişdir. İlk anime adaptasiyası 51 seriya davam etmişdir və hekayədə dəyişikliklər edilmişdir, 2005-ci ildə isə tammetrajlı anime filmi çəkilmişdir.[10][11][12] 2009-cu ilin aprelində "Bones" manqanın hekayəsinə sadiq qalan yeni anime adaptasiyasını — "Fullmetal Alchemist: Brotherhood" anime serialını çəkməyə başlamışdır. Bu anime adaptasiyası isə 64 seriya davam etmişdir.[13]