Code Geass: Lelouch of the Rebellion seriyalarının siyahısı
From Wikipedia, the free encyclopedia
Code Geass: Lelouch of the Rebellion (yaponca: コードギアス 反逆のルルーシュ, Hepbörn: Kōdo Giasu: Hangyaku no Rurūshu?) — Sunrise, Mainichi Broadcasting System və Project Geass tərəfindən istehsal olunmuş anime serialıdır.[1] Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir.[1] Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir.
Ölkə | Yaponiya |
---|---|
Seriya sayı | 25 |
Orijinal kanal | Mainichi Broadcasting System |
Orijinal efir | 6 oktyabr 2006 (2006-10-06) – 29 iyul 2007 (2007-07-29) |
← Əvvəlki — Sonrakı → Code Geass: Lelouch of the Rebellion R2 | |
Code Geass seriyalarının siyahısı |
"Code Geass: Lelouch of the Rebellion" animesinin istehsal ediləcəyi 2006-cı ildə internet treyleri vasitəsilə anons edilmişdir.[2] Anime serialı Mainichi Broadcasting System-də 6 oktyabr 2006-cı ildə göstərilməyə başlanmışdır və 10 stansiya tərəfindən yayımlanmışdır.[3] Mövsümün son iki seriyası 29 iyul 2007-ci ildə efirə buraxılmışdır, amma bir həftə əvvəl Tokio və Osaka teatrlarında göstərilmişdir.[4][5] Bandai Visual animenin seriyalarını 9 cilddən ibarət DVD, Blu-ray və Universal Media Disc formatlarında yayımlamışdır.[6][7][8] Hər cildə bonus olaraq şəkilli dorama əlavə edilmişdir. Bu doqquz cild yenə iki cildlik DVD formatında, daha sonra isə yenə "Special Edition Black Rebellion" adlı xüsusi adaptasiyada yayımlanmışdır.[9] Onlar boks-set şəklində yenidən nəşr olunmuşdur.[10][11]
2007-ci ildə keçirilən Otakon tədbirində Bandai Entertainment "Code Geass: Lelouch of the Rebellion" animesinin Şimali Amerikada yayımlanacağını bildirmişdir.[12] ZRO Limit Productions anime serialını dublaj etmişdir və Taniquçi personajların səsləndirilməsi barədə məsləhətlər vermişdir.[13] Bandai Entertainment serialı fərdi cildlərlə və hissələrlə yayımlamışdır. Dörd cild anime serialının ilk 17 seriyasından və üç hissə bütün seriyalardan ibarət idi.[14] 22 mart 2011-ci ildə isə boks-set yayımlanmışdır.[15] Dublaj edilmiş serial Adult Swim-də 27 aprel 2007 – 26 oktyabr 2008 tarixlərində göstərilmişdir.[16][17] Bandai Entertainment 1 fevral 2009-cu ildən başlayaraq bütün dublaj edilmiş seriyaları rəsmi YouTube kanalına əlavə etməyə başlamışdır.[18] Seriyaları 25 aprel 2009-cu ildən 31 dekabr 2012-ci ilə qədər Crunchyroll veb-saytında izləmək mümkün idi.[19] 2013-cü ildə keçirilən Otakon tədbirində Funimation anime serialını yayımlamaq hüququna yiyələndiyini açıqlamışdır.[20]
Böyük Britaniyada Beez Entertainment və Kaze anime serialının boks-setini yayımlamışdır.[21][22] Madman Entertainment 2008-ci ilin iyulunda anime serialını Avstralasiyada yayımlamaq üçün lisenziya əldə etdiyini bildirmişdir.[23] 19 yanvar — 29 iyul 2009-cu il tarixlərində anime serialı ABC2 və ABC iview kanallarında ekranlara buraxılmışdır.[24][25][26] Madman 2009-cu ilin aprelində ilk iki seriyanı rəsmi saytında göstərmişdir.[27] Seriyalar daha sonra DVD və Blu-ray formatlarında yayımlanmışdır.[28][29]
Anime serialında beş parça mahnıdan istifadə edilmişdir: üç açılış və iki bağlanış mahnısı.[30] İlk açılış mahnısı Flow musiqi qrupunun ifa etdiyi "Colors", ilk bağlanış mahnısı isə Ali Project tərəfindən ifa olunan "Yūkyō Seishunka" (勇侠青春謳?, azərb. "Rıtsar gənclik mahnısı") olmuşdur. 13-cü seriyadan başlayaraq açılış mahnısı kimi Jinn musiqi qrupunun "Kaidokufunō" (解読不能?, azərb. "Həlledilməz") mahnısından, bağlanış mahnısı kimi SunSet Swish musiqi qrupunun "Mosaic Kakera" (モザイクカケラ?, azərb. "Mozaika fraqmentləri") mahnısından istifadə edilmişdir. 24-cü və 25-ci seriyalarda açılış mahnısı Access musiqi qrupunun "Hitomi no Tsubasa" (瞳ノ翼?, azərb. "Gözün qanadı") mahnısı olmuşdur.[30]