Battle Angel Alita dünyası
From Wikipedia, the free encyclopedia
Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita kəllə ovçusuna çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Yukito Kişiro daha sonra "Ashen Victor" adlı spin-off manqası və "Battle Angel Alita: Last Order" ilə "Battle Angel Alita: Mars Chronicle" adlanan iki sikvel manqası yaratmışdır.
Manqaka Yukito Kişiro manqa seriyasına uyğun olaraq postapokaliptik dünya yaratmışdır. Hadisələrin böyük hissəsi XXVI əsrdə Tiferes və Xarabalıq adlanan iki şəhərdə baş verir. "Ashen Victor" manqasında isə hadisələr əsasən Xarabalıq və Bedlenddə cərəyan edir. Xronoloji baxımdan üç manqada hadisələr ümumilikdə 20 il ərzində baş verir.
"Last Order" manqasına dünyanın izahı daha geniş verilmişdir. Üç hakim güc var: Yupiter Sistem Birliyi, Venera Respublikası və LADDER (Günəş Sistemi Şurası). Bunlardan əlavə Mars, müxtəlif peyklər və asteroidlər koloniyalaşdırılmışdır.