Azərbaycan döyüş sənətləri və oyunları
Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar / From Wikipedia, the free encyclopedia
Azərbaycan döyüş sənətləri və oyunları — Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar. Azərbaycan milli güləşi və zorxana əsas döyüş sənətləridir.
"Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Koroğlu" dastanının Azərbaycan versiyasında (XVII əsr) döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlar verilir. Azərbaycan xanlıqları dövründə (XVIII əsrin II yarısı — XIX əsrin əvvəlləri) isə ordularda "bahadır" adlandırılan pəhləvanlar var idi. Məşhur Azərbaycan pəhləvanlarına "Altıaylıq pəhləvan" ləqəbli Əbdüləli Axundov, bakılı Şonu Abdulla, Sali Süleyman, Rəşid Yusifov daxildir. 2022-ci ildə pəhləvanlıq irsi "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında UNESCO səviyyəsində Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir.
Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərxi, güləş daxildir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı XV əsr İçərişəhər zorxanası və Ordubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski buradakı zorxanalarda yarışmaları, cambaz və pəhləvanları təsvir edir. Keçmiş dövrdə meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s. oyunlarına rəğbət var idi. XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir. Sovet dövründə zorxana fəaliyyəti zəifləsə də, müstəqillik dövründə vəziyyət müsbət istiqamətdə dəyişmişdir.
Azərbaycan güləşinin tarixən qədim olduğu qəbul edilir. Rus inqilabından əvvəlki dövrlərdə güləş Azərbaycan kəndlərində məşhur idi: məhsul yığımı zamanı xırmanlarda, xalçasız, düz yerdə yarışlar keçirilirdi. İnqilabdan sonra güləş Bakı ətrafında, xüsusən Müştəngi, Buzovna, Zabratda, eləcə də Gəncə, Salyan, Şəki, Xilə, Zaqatala və s. yerlərdə məşhur idi. Azərbaycan güləş fəndlərinin tarixi adlarına "ayaqçaldı", "qurdqapanı", "yaxapaça", "köpəyquyruğu", "tülküquyruğu", "miyangir", "paçabənd", "pişling", "topuqqapma", "çəngəl" daxil idi. Güləş qaydalarının Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən sistemləşdirilməsi, dəqiqləşdirilməsi və təsdiqi həyata keçirilib.
Oxatma Azərbaycan meydan tamaşalarına daxildir. XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddinin divanında oxçuluqla bağlı 75 terminə yer verilmişdir, hansıki bunlardan 39-u türk mənşəlidir, 9-u isə türk sözü ilə alınma sözlərin birləşməsi nəticəsində əmələ gəlmişdir. Ox yarışlarında həm piyada, həm atlı şəkildə yüksək yerdən atılan almanı havada vurmaq, qırx oxu eyni hədəfdən keçirmək, üzük halqasından ox keçirmək və s. şərtlər yerinə yetirilirdi. Atla oxatmanın oyun növlərinə qopuq və "piyalə və ox" aiddir. Müasir Azərbaycanda kamandan oxatma idman növü sovet dövründən etibarən inkişaf etməyə başlamışdır.