Arazın o tayında (vokal-simfonik poema)
From Wikipedia, the free encyclopedia
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır.
Arazın o tayında | |
---|---|
| |
Bəstəkar | Cahangir Cahangirov |
Forma | vokal-simfonik poema |
Yazılma tarixi | 1949 |
Premyera |
|
İthaf olunub | Cənubi Azərbaycana |
Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir.
Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir.
Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır. Mövzunun iradəli xarakteri simli alətlər və valtornanın enerjili ritmi ilə qeyd edilir. Köməkçi partiya xoşbəxtliyə, keçmişin qaranlığını dəyişərək sevincli günlərə çatan xalq obrazıdır. Əvvəlki tonallıq işıqlı As-dura keçid verir. İşlənmə bölməsi özünəməxsus sərt, kəskin ritmli mövzu ilə başlayır. Do bemolda mövcud olan orqan punktu qəddar, namərdcəsinə xalq hakimiyyətinə hücum edən qüvvələrin obrazını bir fon kimi canlandırır.
"Arazın o tayında" vokal-simfonik poeması ilk dəfə 1949-cu ilin oktyabr ayında, Bakıda Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında dirijor, SSRİ Xalq Artisti Niyazi Tağızadə-Hacıbəyovun quruluşu və rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ifa edilmişdir.