Angel Beats! seriyalarının siyahısı
From Wikipedia, the free encyclopedia
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!?, azərb. Mələk ritmləri!) Na-Ga-nın personaj dizaynerliyi ilə Cun Maedanın orijinal konsepsiyasına əsaslanan 13 seriyadan ibarət Yaponiya anime serialıdır. Maeda ilə Na-Ga "Kanon", "Air" və "Clannad" kimi məşhur oyunları istehsal etmiş Key vizual roman brendinin əməkdaşlarıdırlar.[1] Anime Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən çəkilmişdir.[1][2][3] Baş animasiyaçı Katsuzo Hirata da personaj dizayneri olmuş, Maeda ssenarini yazmışdır.[1] Musiqi Maeda və Anant-Garde Eyes tərəfindən bəstələnmişdir və Satoki İidanın səs rejissorluğu ilə Aniplex tərəfindən istehsal olunmuşdur.[1] Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində öldükdən sonra yaddaşını itirmiş Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyası məktəbinə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri ona Axirət Dünyası Cəbhəsi (死んだ世界戦線, Shinda Sekai Sensen (SSS)?) adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılı etdiyi bu təşkilatın əsas məqsədi tanrıya qarşı döyüşməkdir. SSS-in yeganə düşməni isə fövqəltəbii güclərə malik, məktəb şurasının prezidenti Mələkdir.
Anime serialı Yaponiyada 3 apreldən 26 iyun 2010-cu ilə kimi CBC telekanalı vasitəsilə yayımlanmışdır.[4] Daha sonra isə BS11, MBS, RKB, TBS və TUT telekanallarında nümayiş etdirilmişdir.[4] Mart ayının əvvəllərində təşkil olunan xüsusi lotereyada qalib gələn şəxslər 22 mart 2010-cu ildə animenin birinci seriyasına daha tez baxa bilmişdilər.[5] 23 iyundan 22 dekabr 2010-cu ilə kimi məhdud və daimi nəşrlərlə 7 BD/DVD cildi buraxılmışdır.[6][7] BD/DVD cildlərinin birinci, dördüncü və altıncı məhdud nəşrlərinə Cun Maeda tərəfindən yazılmış və anime seyüları tərəfindən səsləndirilmiş 3 Drama CD daxil edilmişdir.[6][8][9][10] Yeddinci BD/DVD cildi isə OVA seriyası və əlavə epiloqla birlikdə buraxılmışdır.[11][12] 24 iyun 2015-ci ildə BD boks-seti buraxılmışdır və boks-setə ikinci OVA seriyası daxil edilmişdir.[13][14] Sentai Filmworks distribütor Section23 Films ilə animeni lisenziyalaşdırmış və BD/DVD şəklində 26 iyul 2011-ci ildə buraxmışdır.[7][15][16] Siren Visual animeni Avstraliya və Yeni Zelandiya üçün lisenziyalaşdırmışdır.[17] Manga Entertainment isə animeni Böyük Britaniya üçün lisenziyalaşdırmış və BD/DVD şəklində 25 iyul 2012-ci ildə buraxmışdır.[18]
Anime serialı üçün iki parça mahnıdan istifadə olunmuşdur: bir açılış mahnısı və bir bağlanış mahnısı. Açılış mahnısı Lia tərəfindən ifa olunmuş "My Soul, Your Beats!" (azərb. "Mənim ruhum, sənin ritmlərin!") mahnısıdır. Bu mahnının LiSA tərəfindən ifa olunmuş remiks versiyası serialın 4-cü seriyasında səsləndirilmişdir. Bağlanış mahnısı Aoy Tada tərəfindən ifa olunan "Brave Song" (azərb. "Cəsarət mahnısı") mahnısıdır. Bundan əlavə anime serialı boyunca Girls Dead Monster qrupu tərəfindən ifa olunan bir neçə mahnı da səsləndirilmişdir: "Crow Song" (1-ci seriya), "Alchemy" və "My Song" (3-cü seriya), "Thousand Enemies" (5-ci seriya), "Shine Days" və "Ichiban no Takaramono" (一番の宝物, azərb. "Mənim ən dəyərli xəzinəm??) (10-cu seriya).