Şəmsəddin Eldəniz
From Wikipedia, the free encyclopedia
Şəmsəddin Eldəniz[q 1] (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز, fars. اتابک شمسالدین ایلدگز; -(d.1110[5] – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi.[6][7][8][9][10][11][12]
Şəmsəddin Eldəniz | |
---|---|
az-əbcəd. شمس الدین الدڭیز fars. اتابک شمسالدین ایلدگز | |
| |
1136[2] – 1175 | |
Əvvəlki | Sülalənin əsasını qoyub |
Sonrakı | Məhəmməd Cahan Pəhləvan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bilinmir[3] |
Vəfat tarixi | oktyabr 1175 |
Vəfat yeri | Naxçıvan, Eldənizlər |
Dəfn yeri | Həmədan, Eldənizlər |
Milliyyəti | qıpçaq türkü[4] |
Fəaliyyəti | hərbi lider[d], Atabəy, monarx |
Həyat yoldaşı | Möminə Xatun |
Uşaqları |
Məhəmməd Cahan Pəhləvan Qızıl Arslan Fulana Xatun |
Dini | İslam |
Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir.[13][14][15][16][17][18][19]
Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir.[13] Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz "Böyük Atabəy" adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü (əmir hacib), kiçik oğlu Qızıl Arslan isə, ordunun ali baş komandanı təyin edilir. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir.[13]
Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə Eldənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.[20]
Şəmsəddin Eldəniz fəal mərkəzləşdirmə siyasəti aparmış və bu siyasətin nəticəsində bütün İraq Səlcuq Sultanlığındakı Səlcuqlu şahzadələrini və onların atabəylərini özünə tabe edə bilmişdir. Hakimiyyətinin ilk illərində Marağa, Rey və Mosul kimi yerlərin atabəyləri Bağdad xəlifəsinin istəyilə ona tabe olmaq istəməsələr də, Şəmsəddin Eldənizin uğurlu hərbi əməliyyatlarından sonra mərkəzi hakimiyyətə tabe olmuşdurlar. Mərkəzdənqaçma siyasəti yürüdən bəzi əmirlərin mülkləri isə müsadirə edilərək birbaşa özünə tabe etdirilmişdi.[21]
Şəmsəddin Eldənizin fəal xarici siyasəti nəticəsində Gürcüstandan Azərbaycan ərazisinə olan aramsız talançı yürüşlərin qarşısı alınmışdır. Qısa müddət sonra gürcülərin belə yürüşləri yenidən bərpa edilsə də, Şəmsəddin Eldəniz güclü ordu təşkil etmiş və Gürcüstanın daxili bölgələrinə qədər uğurlu hərbi əməliyyat keçirmişdir. Bu dövrdə Atabəylər dövləti ilə rəqabət aparan digər dövlət isə Xarəzmşahlar dövləti idi. Bu rəqabətin sonunda Xarəzmşah İl-Arslan məğlub edilmiş və Nişapur atabəyi Ay-Aba Şəmsəddin Eldənizin hakimiyyətini qəbul etmişdi.[22]
Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddaratının həlledicisi və əsl hakimi idi.[23]Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xütbə oxunurdu.[24] Əvvəllər ona tabe bütün ərazilərə tam nəzarət etməsə də, güclü dövlət hakimiyyətinin varlığı ilk növbədə iri əyalətlərin hakimlərini və Səlcuqilərin rəqibi Bağdad xəlifəsini qane etmirdi.[20]
Azərbaycan Atabəyləri dövlətinin hakimiyyət dövrü mədəni həyatın yüksəlməsi ilə səciyyələnir. Bu zaman dünya mədəniyyətinə görkəmli dahilər bəxş etmiş Azərbaycan poetik məktəbi yaranır və ən yüksək çiçəklənmə dövrünə çatır. Parlaq poetik məktəbin inkişafı, şübhəsiz, ümumi mədəni yüksəlişlə əlaqədar idi. Bu baxımdan haqqında danışdığımız dövrü Azərbaycan intibahı (renessansı) adlandırmaq olar.
Şəmsəddin Eldəniz 1175-cı ildə həyat yoldaşı Möminə Xatunun ölümündən sonra onun adına türbə inşa etdirilməsi barədə əmr vermiş, lakin özü də qısa müddət sonra vəfat etdiyinə görə türbə oğlu Məhəmməd Cahan Pəhləvanın hakimiyyət illəri zamanı hazır olmuşdur. Yusif ibn Küseyir abidəsi də onun hakimiyyət illərində hazırlanmışdır. Ümumiyyətlə Şəmsəddin Eldənizin hakimiyyəti illərində mədəniyyətin və elmin bütün sahələrində inkişaf olmuşdur. Naxçıvan-Marağa memarlıq məktəbi güclü inkişaf etmiş, bu memarlıq məktəbinin nümayəndəsi Əcəmi Naxçıvani bir çox memarlıq abidələri inşa etmişdir.Onun dövründə Ərdəbil, Naxçıvan, Təbriz, Beyləqan və Gəncə şəhərləri yüksək inkişaf etmişdi. Eldənizlərin sikkə sarayında adına bir çox dirhəmlər zərb olunmuşdur. Dirhəmlərdən bir neçəsi Azərbaycan Tarix Muzeyində yerləşir.[25]
1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslan şah vəfat etdi.[26] Ondan sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçmişdir.