İmitasiya oyunu
From Wikipedia, the free encyclopedia
İmitasiya Oyunu (ing. The Imitation Game) — 2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun "Alan Türinq:Eniqma" bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən "Kodun sındırılması" tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmi. Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökumət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır.
İmitasiya oyunu | |
---|---|
The Imitation Game | |
Janr | dram filmi |
Əsas mövzu | İkinci Dünya müharibəsi, Alan Türinq[1], homofobiya[1] |
Rejissor | Morten Tildum |
Prodüserlər |
Nora Qrossman Aydo Ostrovski Teddi Şvarzman |
Ssenari müəllifi | Qrehem Mur |
Baş rollarda |
Benedikt Kamberbetç Kira Naytli Mettyu Qud Rori Kinnir Çarlz Dens Mark Stronq |
Operator | Oskar Faura |
Bəstəkar | Aleksandr Desplat |
Distribütor | Fórum Hungary[d][2] |
İlk baxış tarixi |
29 avqust 2014 (Telluride Film Festivalı) 28 noyabr 2014 (ABŞ) 5 fevral 2015[3] (Azərbaycan) |
Müddət | 114 dəq.[4] |
Büdcə | $14 milyon[5] |
Gəlir | $220 milyon[6] |
Ölkələr | ABŞ[7][8] |
Dil | ingilis dili |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri | Oksfordşir[d], Şerborn məktəbi[d][9] |
IMDb | ID2084970 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. "The Weinstein Company" 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribütorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-də isə 28 noyabrda təqdim edilmişdir.
İmitasiya oyunu həm gəlir, həm də tənqidçilərin mövqeyi baxımından uğur qazanmışdır. $14 milyon istehsal büdcəsi olan film 2015-ci ilin aprelinə kimi ümumilikdə $219 milyon gəlirlə 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur. 87-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film Ən Yaxşı film, Ən Yaxşı Rejissor (Tildum), Ən Yaxşı Aktyor (Kamberbetç), İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa (Kira Naytli) kateqoriyaları da daxil olmaqla ümumilikdə səkkiz kateqoriyada mükafata namizəd göstərilmişdir. Film Ən Yaxşı Adaptasiya edilmiş Ssenari nominasiyasında Oskara layiq görülmüşdür. Film, 72-ci Qızıl Qlobus mükafatlarının təqdim edilməsi mərasimində beş, 21-ci Ekran Aktyorları Gildiyası mükafatlarının təqdim edilməsi mərasimində Ekran əsərində Ən Yaxşı Performans kateqoriyası da daxil olmaqla üç kateqoriyada mükafata namizəd göstərilmişdir. Ən Yaxşı Film və Ən Yaxşı Britaniya Filmi nominasiyaları da daxil olmaqla film doqquz nominasiyada BAFTA mükafatına namizəd göstərilmiş, 39-cu Toronto Beynəlxalq Film Festivalında isə Xalqın Seçimi Mükafatına layiq görülmüşdür.
LGBT vətəndaş haqqları təşkilatları və siyasi lobbiləşmə təşkilatı İnsan Haqqları Kompaniyası Türinqin irsini geniş ictimayətə çatdırdığına görə "İmitasiya oyunu" filmini yüksək qiymətləndirmişdir, lakin film bəzi tarixi hadisələrin dəqiq təsvir edilməməsi, Türinqin xasiyyətləri və əlaqələrinin düzgün çatdırılmamasına görə tənqid edilmişdir.