İdeal (Muğanna)
From Wikipedia, the free encyclopedia
"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı.
İdeal | |
---|---|
Müəllif | İsa Muğanna |
Janr | Bədii-fəlsəfi |
Orijinalın dili | Azərbaycan dili |
Orijinalın nəşr ili |
"Yanar ürək" adı ilə: 1956 1960 1965 1979 "İdeal" adı ilə: 1985 1997 2005 2009 2013 |
Nəşriyyat |
Lider (2005) Avrasiya press (2009) Hədəf Nəşrləri (2013) |
Səhifə |
536 (2005) 576 (2009) 744 (2013) |
Növ | kitab |
Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir.[1][2][3]
İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir.[4]
Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən. Bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir."[4]
12 fevral 2014-cü ildə Kulis.az mədəniyyət portalı azərbaycanlı yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslardan ibarət 78 şəxs arasında sorğu keçirib. Sorğuda iştirak edənlərdən "Azərbaycan ədəbiyyatının ən yaxşı üç romanı"nı seçmək xahiş edilib.[5] Nəticələrə əsasən əsər ümumilikdə 17 səslə 3-cü, ayrı-ayrılıqda isə romanın "İdeal" adlı 2-ci variantı 12 səslə 4-cü, "Yanar ürək" adlı ilkin variantı isə 5 səslə 8-ci olub.[6]