Zənginləşdirilmiş uran
From Wikipedia, the free encyclopedia
Zənginləşdirilmiş uran və yaxud uranın zənginləşdirilməsi (ing. Enriched uranium) - izotopların ayrılması prosesi ilə uran-235 izotopunun faiz tərkibinin artırıldığı zənginləşdirilmiş uran növü. Təbiətdə yaranan uran üç əsas izotopdan ibarətdir. Bunlar uran-238, uran-235 və uran-234 izotoplarıdır. Yer kürəsində bu üç izotopa rast gəlinsə də, təbii uranın 99 %-dən çoxunu u-238 izotopu təşkil edir. Bu izotop isə nüvə silahı və reaktorlarında istifadə üçün əlverişsiz hesab edilir. Bu məqsədlər üçün u-235 izotopu istifadə edilir. Bunun səbəbi uran-235-in nüvəsinin rahatlıqla parçalanaraq zəncirvari nüvə reaksiyasını başlatmasıdır.
Mədənlərdən çıxarılan və ya təbiətdən əldə edilən və tərkibində u-235 və u-238 izotopu olan mineral kimyəvi reaksiyalardan istifadə edilərək qaz halına çevirilir daha sonra bu qaz yüksək sürətlə dönən slinderin içində hərəkət etdirilir. Nəticədə daha ağır olan u-238 izotopu slinderin divarına, daha yüngül olan u-235 izotopunu mərkəzi nöqtəyə toplanır. Bununla da zənginləşdirilmiş uran əldə edilir.[1]
Zənginləşdirilmiş uran həm mülki nüvə enerjisi istehsalı, həm də hərbi nüvə silahları üçün mühüm komponentdir. Dünyada uranın zənginləşdirilməsi prosesi ilə bır sıra dövlətlər məşğul olmaqdadırlar. ABŞ, Rusiya, İran, Çin, İsrail və bir sıra Qərbi Avropa dövlətləri buna misal olaraq göstərilə bilər. Konkret olaraq dünyadakı zənginləşdirilmiş uran miqdarı dəqiq olaraq məlum deyil. Mütəxəssislərin ehtimallarına görə 2.000 tondan çox zənginləşdirilmiş uran hazır vəziyyətdə mövcuddur.[2]
Nüvə enerjisi, nüvə silahları, hərbiləşdirilmiş dəniz qüvvələri və tədqiqat reaktorları üçün daha kiçik miqdarda zənginləşdirilmiş urandan istehsal olunur. Zənginləşdirmə prosesindən sonra qalan 238U izotopu tükənmiş uran adlanır və çox sıxdır, ancaq təbii urandan xeyli az radioaktivdir. Tükənmiş uran radiasiyadan qoruyucu material kimi və zirehlərə nüfuz edən silahlar üçün istifadə olunur.
Təbiətdən alınan uranın tərkibində uran-238 izotopu (99,3%), uran-235 izotopunun faiz dərəcəsi isə (0,72) faizdir. Uranın təbii süxurunun içərisində uran-235 izotopunun faizlə miqdarının artırılması prosesinə uranın zənginləşdirilməsi deyilir. Yüksək səviyyədə zənginləşmiş uran üçün daha az material ayırma prosesindən keçirilir. Məsələn, uranı 4%-ə qədər zənginləşdirmək üçün 5.000 pilləli kaskad tələb olunursa, uranı 20%-ə qədər zənginləşdirmək üçün yalnız 1.500 pilləli kaskad lazımdır.
Nüvə bombası üçün lazım olan 90% zənginləşmə üçün isə cəmi bir neçə yüz pilləli kaskad kifayətdir. Yəni 5000 pilləli kaskadın hamısı istifadə edildikdə nüvənin zənginləşdirilməsi prosesi daha sürətlə gedir. Nüvə reaktorlarında istifadə olunan uran adətən təxminən 4% civarında zənginləşdirilmiş olur. Lakin nüvə bombalarında istifadə olunması üçün uran elementi 90%-ə qədər zənginləşdirilməlidir.