Varşavanın mühasirəsi (1939)
From Wikipedia, the free encyclopedia
Varşavanın mühasirəsi — 1939-cu ilin sentyabrda, İkinci Dünya müharibəsinin əvvəllərində, Polşa kampaniyası zamanı Nasist Almaniyası Quru Qoşunları tərəfindən Polşa Silahlı Qüvvələrinə bağlı Varşava Ordusunun müdafiə etdiyi Varşava şəhərinin nəzarəti uğrunda başladılan mühasirə.[1]:70–78
Şəhərə nəzarət uğrunda mübarizə nasist qüvvələrin Polşaya hücumu ilə paralel olaraq, 1 sentyabr 1939-cu ildən Lüftvaffe tərəfindən həyata keçirilən böyükmiqyaslı hava bombardmanları ilə başlamışdır. Quru döyüşləri 8 sentyabrda, nasist zirehli birləşmələrinin Vola rayonuna və şəhərin cənub-qərb ətrafına çatması ilə başlamışdır. Almaniya radiosunun Varşavanı tutduğunu iddia etməsinə baxmayaraq, nasistlərin ilk hücumu dəf edilmiş və tezliklə Varşava mühasirəyə alınmışdır. Mühasirə 28 sentyabra qədər davam etmiş, general Valerian Çumanın rəhbərliyi altındakı Polşa qarnizonu rəsmi olaraq kapitulasiya elan etmişdir.[2] Ertəsi gün təxminən 140,000 Polşa əsgəri şəhəri tərk etmiş və hərbi əsir olaraq götürülmüşdür. 1 oktyabrda Vermaxt qoşunları Varşavaya daxil olmuş və bu, 17 yanvar 1945-ci ilə qədər davam edən Almaniya işğalı dövrünün başlanğıcı olmuşdur.
Mühasirə zamanı Varşavada yaşayan təxminən 18,000 mülki şəxs həlak olmuşdur. Hava bombardmanları nəticəsində şəhərin binalarının 10%-i tamamilə dağıdılmış, daha 40%-nə isə ciddi ziyan dəymişdir.[1]:78 1939-cu ildə hava müharibəsi ilə bağlı beynəlxalq qaydalara əsasən Varşava qanuni hərbi hədəf hesab olunurdu, çünki şəhər döyüşlər zamanı cəbhə xəttində yerləşirdi və Polşa ordusu tərəfindən ciddi şəkildə müdafiə olunurdu.[3]