Sənaye
From Wikipedia, the free encyclopedia
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir.
Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar.
Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər.