Sirlər xəzinəsi
Nizami Gəncəvinin poeması / From Wikipedia, the free encyclopedia
"Sirlər xəzinəsi" (fars. مخزنالاسرار Məxzənül-əsrar) — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan[1] bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174–1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist[2] və demokratik[2] istiqamət vermişdir.
Sirlər xəzinəsi | |
---|---|
مخزنالاسرار Məxzənül-əsrar | |
Müəllif | Nizami Gəncəvi |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Tərcüməçi |
Süleyman Rüstəm Abbasəli Sarovlu Xəlil Rza Ulutürk |
Sonrakı | Xosrov və Şirin |
Vikianbarda əlaqəli mediafayllar |
Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, Peyğəmbərdən söhbət açır, İslam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əfvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və Peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır.