Rusiya–Gürcüstan müharibəsi[qeyd 1] — 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibə. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdır. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.[6]
Cəld faktlar Tarix, Yeri ...
Rusiya-Gürcüstan müharibəsi |
---|
|
Tarix |
1 — 12 avqust 2008 |
Yeri |
|
Nəticəsi |
Rusiya, Cənubi Osetiya və Abxaziyanın hərbi qələbəsi
- Cənubi Osetiya və Kodori vadisində məskunlaşmış gürcülər etnik təmizləməyə məruz qaldı[1]
- Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi Rusiya tərəfindən tanındı[2]
- Abxaziya və Cənubi Osetiya ərazilərində Rusiyaya məxsus hərbi bazalar inşa olundu
|
Ərazi dəyişikliyi |
Gürcüstan Abxaziya və keçmiş Cənubi Osetiya MV-nin bir hissəsinə nəzarəti itirdi |
|
|
|
|
Mülki itkilər:
Cənubi Osetiya: Rusiyaya görə 62 mülki şəxs; Cənubi Osetiyaya görə ümumilikdə 365 nəfər həlak olub; Rusiyaya görə 255 nəfər yaralanıb
Gürcüstan: Gürcüstanın verdiyi məlumata görə 224 mülki şəxs həlak olub, 15 nəfər itkin düşüb, 547 nəfər yaralanıb
1 xarici mülki şəxs həlak olub, 3 nəfər yaralanıb
Qaçqın düşənlər:
192.000 mülki köçkün (Rusiyaya köçmüş 30.000 Cənubi osetinli də daxil olmaqla; və müvafiq qaydada Gürcüstana köçən BMT QAK-a görə Cənubi Osetiyadan olan 15.000 gürcü)
Gürcüstan rəsmisinin təxmini: ən azı 230.000
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı 1991-ci ilin əvvəllərində öz müstəqilliyini elan etmişdir. Bu fonda Gürcüstanla faktiki olaraq Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verdi. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya regionunda da baş verdi. Burada yerli abxaz separatçılarla gürcülər arasında 1992-1993-cü illəri əhatə edən müharibə başladı. 2000-ci ildə Rusiyada Vladimir Putinin prezident seçilməsi və 2003-cü ildə Gürcüstanda baş vermiş qərbyönümlü Qızılgül inqilabı nəticəsində Rusiya və Gürcüstan arasındakı münasibətlər pisləşməyə başladı və 2008-ci ilin aprelindən etibarən tam şəkildə diplomatik böhrana çevrildi. 1 avqust 2008-ci ildən etibarən cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başladı və nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı.[7] Rusyönümlü separatçılar tərəfindən gürcülərə qarşı artilleriya zərbələrinin vurulmasından sonra 1992-ci ildə imzalanmış atəşkəs razılaşması qüvvədən düşdü. Bu cür hücumların qarşısının alınması və təhlükəsizliyi bərpa etmək məqsədilə 7 avqust tarixində Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi.
Rusiya qoşunları qeyri-qanuni olaraq Rusiya-Gürcüstan dövlət sərhədini keçdi və 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil oldu. Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiya daxilində və ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldu. Rus və abxaz qoşunları isə Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək ikinci cəbhə açmağa müvəffəq oldu. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya aldı. Rusiya Hərbi Hava Qüvvələri isə münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirməyə başladı. Bu müharibə hərbi əməliyyatlarla birlikdə kiber müharibənin də aparıldığı ilk müharibə kimi tarixə keçmişdir. Aktiv informasiya müharibəsi həm müharibə ərzində, həm də daha sonra davam etmişdir. 12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatmışdır.
Rus qoşunları müharibə ərzində Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərlərini işğal etdi və atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxladı. Cənubi osetiyalılar burada yerləşən gürcü kəndlərinin əksər hissəsini dağıtdılar və müharibəyə qədər burada yaşayan gürcülər etnik təmizləməyə məruz qaldı.[1] Rusiya 26 avqustda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı.[2] Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. Rusiya 8 oktyabr tarixinə qədər öz qoşunlarının əksər hissəsini Gürcüstanın münaqişə zonasına aid olmayan ərazilərindən geri çəkdi. Müharibədən sonra Rusiyanın beynəlxalq əlaqələri çox da zərər görməmişdi. Müharibə nəticəsində 192.000 nəfər məcburi köçkün vəziyyətinə düşsə də, onların çox hissəsi müharibə başa çatdıqdan sonra öz əvvəlki yaşayış yerlərinə qayıtmışdır.[8]