Qafqaz Albaniyasının incəsənəti
From Wikipedia, the free encyclopedia
Qafqaz Albaniyasının incəsənəti — Qədim Şərq incəsənəti ilə əlaqəli olan tarixi və regional incəsənətdir. Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş incəsənət ənənələri İslamın yayılmasından sonra da müxtəlif formada davam etmiş və yerli xalqların orta əsrlər incəsənətinin formalaşmasına təsir göstərmişdir.
Göyçay rayonunun Yenikənd kəndi ərazisindən
aşkarlanmış Qafqaz Albaniyasına aid[1] (II əsr)
gümüş nimçə, Ermitaj.
Müasir Naxçıvan şəhəri ərazisindən aşkarlanmış
və Cavanşirin təsvir edildiyi Qafqaz Albaniyası dövrünə
aid[2][3] (VII əsr)tunc büxurdan, Ermitaj (solda) və
Mingəçevir kilsə kompleksi ərazisindən aşkarlanmış
zoomorf saxsı qab, Azərbaycan Tarix Muzeyi (sağda)
Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi.[4] Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da[5], birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır.[6] Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi ənənələrin üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi.[7]
Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək əşyaları öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı.[8] Bəzək əşyalarının tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və sair daxildir.
Ən qədim alban dulusçuluq nümunələri çox rəngliliyi və mürəkkəb naxış-bəzək sistemi ilə seçilir. Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır. Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır.