Oksidlər
From Wikipedia, the free encyclopedia
Oksid — Biri oksigen olmaqla iki elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir. Oksidlərdə oksigenin oksidləşmə dərəcəsi "–2" olur. Yalnız Fe3O4 dəmirin qarışıq oksidində 8/3 valentlik göstərir ancaq başqa element atomları ilə birləşərkən. Məsələn: Na — O – Na. Oksigen atomlarının öz aralarında rabitə yaratdığı iki elementli mürəkkəb maddələr peroksidlər adlanır. Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi "-1" olur. Məsələn: Na — O — O — Na — natrium peroksid; H — O — O — H — hidrogen peroksid. NaO2, KO2 superoksidləri və OF2 — birləşməsi oksid deyil. Hazırda He, Ne və Ar-dan başqa bütün elementlərin Oksigenli birləşmələri alınmışdır.
Kimyəvi xassələrinə görə oksidlər duzəmələgətirməyən və duzəmələgətirən oksidlərə bölünür. Turşularla və ya əsaslarla adi şəraitdə qarşılıqlı təsirdə olmayan oksidlərə duzəmələgətirməyən oksidlər deyilir. Bu cür oksidlərə N2O, NO, CO, SiO və s. misal ola bilər. Duzəmələgətirməyən oksidlərə indeferent oksidlər də deyilir. Turşular və ya əsaslarla qarşılıqlı təsirdə olub, duz və su əmələ gətirən oksidlərə duz əmələgətirən oksidlər deyilir. Duzəmələgətirən oksidlər əsasi, turşu, amfoter və qarışıq oksidlərə bölünür. Hidratları əsaslara uyğun gələn və ya turşularla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə əsasi oksidlər deyilir: Li2O, Na2O, MgO, CaO, NiO, CuO və s. Hidratları turşulara uyğun gələn və ya əsaslarla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə turşu oksidləri və ya turşu anhidridləri deyilir: CO2, NO2, P2O3, P2O5, C2O7, Mn2O7 və s. Həm turşu oksidi, həm də əsasi oksid xassələri göstərən oksidlərə amfoter oksidlər deyilir. Onlara bəzi metalların əmələ gətirdikləri oksidlər aiddir: BeO, ZnO, SnO, Cr2O3, Al2O3, Fe2O3, SnO2 və s. Əgər metal bir neçə oksid əmələ gətirirsə, onun oksidləşmə dərəcəsi artdıqca oksidlərinin əsasi xassələri azalır; turşu xassələri artır. Məsələn, CrO, FeO, MnO — əsasi, Cr2O3 — amfoter, CrO3 — turşu oksididir.