O olmasın, bu olsun (operetta)
From Wikipedia, the free encyclopedia
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az-əbcəd. او اولماسین بو اولسون), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az-əbcəd. مشهدی ایباد; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta).[1] Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir.
O olmasın, bu olsun | |
---|---|
azərb-kiril. О олмасын, бу олсун az-əbcəd. او اولماسین بو اولسون | |
Bəstəkar | Üzeyir Hacıbəyov |
Librettoçu | Üzeyir Hacıbəyov (Füzulinin qəzəlləri) |
Dili | Azərbaycan dili |
Janr | komediya |
Yaradılma tarixi | 1910 |
İlk səhnələşdirmə | 25 aprel 1911 |
Personajlar |
|
Premyera |
8 may (25 aprel) 1911 Mayılov qardaşları teatrı, Bakı |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır.[2]
Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir. Məşədi İbad obrazının musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya üzərində qurulmuşdur. "Uzundərə" lirik xalq rəqsinin bir qədər dəyişdirilən melodiyasından istifadə olunmuş və Məşədi İbadın ilkin xarakteristikasını verən "Mən nə qədər qoca olsam da" mahnısı bu yöndəmsiz, çirkin tacirin ifasında ifrat mübaliğəli səslənir. Əsərin sonuncu səhnəsində təkrarlanan bu mahnı Məşədi İbadın mənəvi məğlubiyyətini göstərir. Qalan mənfi obrazlar kütləvi musiqi surəti — səhnədə cərəyan edən hadisələrə təbii surətdə qoşulan xor parçaları ilə səciyyələndirilir. Üzeyir Hacıbəyov bu əsərdə ilk dəfə olaraq, lirik obrazların fərdi aləmini əks etdirən mahnı-ariya xarakterli melodiyalar yaratmışdır. Müsbət obrazlar, həm də Füzulinin qəzəllərindən istifadə olunan duetlərdə səcciyələndirilir.[2]
"O olmasın, bu olsun" musiqili komediyası zəngin səhnə həyatına malik bir əsərdir. Operetta bir neçə dəfə redaktə olunaraq səhnələşdirilmişdir. Musiqili komediya ilk dəfə 25 aprel 1911-ci il tarixində Mayılov qardaşları teatrında (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında) səhnəyə qoyulmuşdur. Əsər, həmçinin, bir çox dillərə tərcümə olunaraq, müxtəlif teatrların səhnəsində Cənubi Qafqaz şəhərlərində, Türkiyədə, Bolqarıstanda, Yəməndə və başqa yerlərdə tamaşaya qoyulmuşdur. Musiqili komediya əsasında 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən eyniadlı film çəkilmişdir.[2][3]
Əsərin baş qəhrəmanlarından olan Sərvər və Gülnazın dərin, səmimi hisslərini açıqlayan zərif, xəyalpərəst musiqi partiyaları "Arşın mal alan" operettasının və "Koroğlu" operasının ariya üslubuna yol açmışdır. Hacıbəyov bu musiqili komediyasında ilk dəfə olaraq, qəhrəmanlarının əhvali-ruhiyyəsini deyil, xarakterini təcəssüm etdirmək yolu ilə gedərək, musiqi obrazlarının fərdiləşdirilməsinə nail olmuşdur. Komediyanın ayrı-ayrı parçaları geniş şöhrət qazanmış və müxtəqil əsərlər kimi ifa olunur.[2] "O olmasın, bu olsun" və Hacıbəyovun yazdığı üçüncü operettası olan "Arşın mal alan" Azərbaycan Respublikasının milli klassikləri hesab edilir.[4]