Mediçilər
From Wikipedia, the free encyclopedia
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular.
Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur. Ailə öz nüfuzu və zənginliyini Florensiyanın yun ticarəti ilə məşğul olan Arte della Lana gildiyasından əldə etmişdir. İtaliya sinyoriyasını idarə edən digər ailələr kimi Mediçilər öz şəhərlərinin hakimiyyətində dominantlıq edərək Florensiyanı öz ailə güclərinin təsiri altına salaraq, incəsənət və humanizmin çiçəklənməsini təmin edən mühit yaratmışdılar. Onlar digər İtaliya ailələri, Milandan olan Viskonti və Sforza ailəsi, Ferraradan olan Este ailəsi, Mantuyadan olan Qonzaqa ailəsi kimi italyan İntibahının yaranmasına səbəb olmuşdular.
Mediçi bankı Avropanın ən çiçəklənən və ən ehtiram olunan müəssisələrindən biri olmuşdur. Bəzi qiymətləndirmələrə görə, Mediçi ailəsi müəyyən müddət Avropanın ən zəngin ailəsi olmuşdur. Bu əsasdan istifadə edərək onlar ilk olaraq Florensiyada, sonradan isə genişləndirərək İtaliyada və Avropada siyasi gücü əldə etmişdilər. Debit və kreditlərin izlənilməsi üçün iki qat girişdən istifadə olunmasını nəzərdə tutan mühasibatlıq uçotu sisteminin işlənib hazırlanması Əsas Mühasibatlıq uçotunun inkişafı üçün böyük töhfə olmuşdur. Mediçi ailəsi bu sistemdən bizneslərində ilk istifadə edənlərdən biri olmuşdur.