Müqəddəs Pyotrun məzarı
From Wikipedia, the free encyclopedia
Müqəddəs Pyotrun məzarı Müqəddəs Pyotr bazilikasının altında yerləşən və Vatikan hakimiyyəti tərəfindən Müqəddəs Pyotrun məzarının əbədiləşdirilməsi üçün inşa edildiyi bildirilən abidə kompleksidir. Müqəddəs Pyotrun məzarı b.e. 130–300-cü illəri arasındakı dövrə aid edilən yeraltı mavzoleylər kompleksinin qərbində yerləşir.[1] I Konstantinin hakimiyyəti dövründə, təxminən 330-cu illərdə birinci Müqəddəs Pyotr bazilikasının inşası zamanı, binanın təməli üçün yer açmaq üçün kompleksin bəzi hissələri dağıdılmışdır. XII Piyin göstərişi ilə 1950-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı II əsrə aid məzarlardan çoxsaylı insan sümükləri aşkarlansa da, onlardan hər hansı birinin Müqəddəs Pyotra aid olması dəqiqliklə təsbit edilməmişdir.[2] Abidə altında yerləşən ikinci məzarın tədqiq edilməsindən sonra VI Pavel 26 iyun 1968-ci ildə Müqəddəs Pyotrun relikviyalarının aşkarlandığını elan etmişdir.
Müqəddəs Pyotrun məzarı | |
---|---|
Tomba di Pietro | |
41°54′08″ şm. e. 12°27′12″ ş. u. | |
Ölkə | Vatikan |
Yerləşir | Müqəddəs Pyotr bazilikası |
Vəziyyəti | ziyarətə açıq |
Rəsmi adı: Vatican City | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1984 |
İstinad nöm. | 286 |
Dövlət | Vatikan |
Region | Avropa |
Vikianbarda əlaqəli mediafayllar |
Kilsənin bildirdiyinə görə Müqəddəs Pyutrun məzarı döşəmə altındakı edikulanın içində yerləşir. Bu məzardan Müqəddəs Pyotrdan başqa daha dörd nəfərin və bir neçə ev heyvanının sümükləri aşkarlanmışdır. 1953-cü ildə erkən arxeoloji tədqiqatların sonunda divarın şimal tərəfində (qraffiti divarı) daha bir qrup sümüklər aşkarlasa da, arxeoloqların xəbəri olmadan həmin sümüklər yoxa çıxmışdır. Sonrakı tədqiqatlar göstəmişdir ki, sümüklər 60–70 yaşlarında bir kişiyə məxsusdur.[3] Marqarita Quarduççi bildirir ki, bu sümüklər Müqəddəs Pyotra məxsus olmuş və I Konstantinin dövründə kilsə ilə sülh bağlanmasından sonra (313-cü il) edikula altındakı məzardan qraffiti divarındakı nişə köçürülmüşdür.[4] Müqəddəs Pyotrun məzarı adlandırılan abidənin aşkarlanması ilə nəticələnmiş arxeoloji qazıntılara rəhbərlik edən arxeoloq Antonio Ferrua bildirir ki, tapılmış sümüklərin Müəddəs Pyotra aid olmasına əmin deyil.[5]
Yuxarıdakı şəkildə Müqəddəs Pyotra bazilikasının məzarın yerində yerləşən aşağı mərtəbəsinin ərazisi göstərilir. Məzarın bir hissəsi olmuş edikulanın hissələri bu mərtəbə ilə eyni səviyyəyə qalxmış və palliy nişi kimi düzəldilmişdir ki, nişi də fotonun mərkəzində görmək mümkündür.[6]