Livoniya müharibəsi
Baltik regionunda müharibə (1558-1583) / From Wikipedia, the free encyclopedia
Livoniya müharibəsi (1558-1583-cü illər) — Livoniya konfederasiyası, Rusiya çarlığı, Böyük Litva knyazlığı (1569-cu ildən - Reç Pospolita), İsveç və Danimarka krallığının iştirak etdiyi XVI əsrdə baş verən böyük bir hərbi münaqişə (və ya bir sıra hərbi münaqişələr). Döyüş əməliyyatları əsasən müasir Estoniya, Latviya, Belarus və Rusiyanın şimal-qərbi ərazilərində aparılırdı.
Livoniya müharibəsi | |||
---|---|---|---|
| |||
Tarix | 17 yanvar 1558 — 26 may 1583 | ||
Yeri | müasir Estoniya, Latviya, Belarusun şimal-şərqi və Rusiyanın şimal-qərb əraziləri | ||
Nəticəsi |
Reç Pospolita və İsveçin qələbəsi: Yam-Zapolski sülhü; Plyus barışığı |
||
Ərazi dəyişikliyi | Velij və Livoniyanın Böyük Litva knyazlığına, Estlandiya, İnqriya və Kareliyanın bir hissələrinin İsveçə, Ezel adasının Danimarkaya birləşdirilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə 1558-ci ilin yanvarında Rusiya çarlığının Livoniyaya hücumu ilə başladı. Müharibənin ilk mərhələsində rus qoşunları əhəmiyyətli uğurlar əldə etdilər. Narva, Derpt (Yuriyev) və bir sıra digər şəhər və qəsrlər fəth edildi. 1561-ci ildə Vilen müqaviləsinə əsasən Livoniya Konfederasiyası ləğv edildi. Onun ərazisinin bir hissəsi vassal olaraq Kurlandiya və Semiqaliya hersoqluğu şəklində Böyük Litva knyazlığına qəbul edildi. Digər bir hissəsi isə birbaşa Böyük Litva knyazlığının bir hissəsi oldu.
Bu andan başlayaraq, müharibə əsasən Rusiya çarlığı ilə Böyük Litva knyazlığı arasında qarşıdurma xarakteri aldı və hərbi əməliyyatlarda əsasən sonuncunun ərazilərində aparıldı. 1563-cü ildə Polotsk rus qoşunları tərəfindən tutuldu. Ancaq rusların bu müvəfəqiyyəti davamlı olmadı. Belə ki, 1564-cü ildə rus ordusu Çaşniki döyüşündə məğlub oldu. Bundan qısa müddət sonra opriçnina tətbiq edildi (1565-1572). 1569-cu ildə Böyük Litva knyazlığı Polşa Krallığı ilə vahid Reç Pospolita dövləti adı altında birləşdilər.
Rus qoşunları tərəfindən Revelin uğursuz mühasirəsindən sonra (1577) Reç Pospolita qüvvələri Polotsku geri qaytardı və Pskovu mühasirəyə aldı. Amma mühasirə uğursuz oldu. İsveçlilər Narvanı ələ keçirdi və uğursuzluqla nəticələnən Oreşek qalasını mühasirəyə aldılar.
Müharibə Yam-Zapolski (1582) və Plyus (1583) barışığının imzalanması ilə başa çatdı. Rusiya müharibə nəticəsində ələ keçirdiyi bütün əraziləri, eləcə də Reç Pospolita və sahilyanı Baltik şəhərləri ilə sərhəddəki torpaqları itirdi (Koporya, Yama, İvanqorod). Keçmiş Livoniya konfederasiyasının ərazisi Reç Pospolita, İsveç və Danimarka arasında bölüşdürüldü.
XIX-cu əsrdən bəri Rusiya tarixşünaslığında müharibənin əsas məqsədinin Rusiyanın Baltik dənizinə çıxış əldə etməsi fikri hökm sürür. Lakin bir sıra müasir elm adamları münaqişənin səbəblərinin bu olmadığı fikrində qalırlar.
Livoniya müharibəsi Şərqi Avropadakı hadisələrə böyük təsir göstərmiş və münaqişədə iştirakçı dövlətlərin daxili siyasətində ciddi nəticələri olmuşdur. Müharibə nəticə etibarilə Livoniya ordeninin varlığını sona çatdırmış, Reç Pospolitanın yaranmasına kömək etmiş və Rusiya çarlığının iqtisadi tənəzzülünə səbəb olmuşdu.