Krım tatarlarının deportasiyası
From Wikipedia, the free encyclopedia
Krım tatarlarının deportasiyası (krımtatar dili: Qırımtatar halqınıñ sürgünligi; ukrayn dili: Депортація кримських татар; rus dili: Депортация крымских татар) — 18–20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır.[9][10] Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir.[lower-alpha 2] Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir. Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi.
Krım tatarlarının deportasiyası | |
---|---|
Əsas münaqişə: SSRİ-də məcburi köçürülmələr və İkinci dünya müharibəsi | |
| |
Ümumi məlumatlar | |
Yeri | Krım yarımadası |
Hücumun hədəfi | Krım tatarları |
Tarix |
|
Hücum metodu | Güc tətbiq etməklə əhali köçürülməsi, etnik təmizləmə, soyqırım[1] |
Ölü sayı |
Müxtəlif təxminlər a) 34,000[2] b) 40,000–44,000[3] c) 42,000[4] d) 45,000[5] e) 109,956[6] Ümumi qurbanlar:191.044-423.100 Krım tatarı Sovet İttifaqında məcburi şəkildə deportasiya edilib.[lower-alpha 1] (ümumi əhalisinin 18-46 faizi[6]) |
Törədən(lər) | NKVD, Sovet gizli polisi |
Vikianbarda əlaqəli mediafayllar |
Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü.[13] Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. Çünki, Krım ərazisində yaşayan tatarların türklərlə etnik yaxınlığı var idi və onlar bu planın reallaşdırılmasına problem yarada bilərdi. Nasistlər əvvəllər Krım tatarlarına qarşı neqativ yanaşma sərgiləsə də, Sovet qoşunlarının güclü müqaviməti ilə qarşılaşdıqdan sonra onlar bu siyasətlərini dəyişməyə məcbur oldular. Müharibə ərzində əsir düşmüş Sovet məhbuslarının əksəriyyəti Vermaxt tərəfindən dəstək birləşmələri kimi komplektləşdirilirdi. Eyni zamanda, Krım tatarları öz kəndlərini Sovet partizanlarının hücumlarından qorumaq məqsədilə 15,000–20,000 nəfərdən ibarət özünümüdafiə batalyonları yaratmışdı. Həmin silahlı birləşmələr bölgədə hansı tərəf üstünlüyü ələ alsa onun tərəfini tuturdu. Buna əlavə olaraq, müsəlman komitələri də yaradılmışdı ki, onlar da məhdud özünümüdafiə potensialına sahib idi. Bu cür özünümüdafiə qüvvələrinin olmasına baxmayaraq, təxminən eyni sayda Krım tatarları Qırmızı Orduya qoşulmuş və nasist qoşunlarına qarşı mübarizə aparmışdır. Hətta Berlin istiqamətində hücuma keçən Sovet qoşunlarının da tərkibində minlərlə Krım tatarı olmuşdur. Sovet rəsmilərinin əksər hissəsinin əhalinin yalnız günahkar qisminin deportasiya olunmasının tərəfdarı olmasına baxmayaraq, Krım tatarlarının kütləvi köçürülməsini dəstəkləyənlərin də sayı tədricən artırdı.[4]
Səkkiz minə yaxın Krım tatarı deportasiya ərzində həlak olmuş, başqa on minlərləsi isə kəskin köçürmə şəraitinə dözməyərək ölmüşdür. Stalin Krım tatarlarının bütün izlərini aradan qaldırmağa çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıyaalmalarında bu etnik qrupun adının çəkilməsini qadağan etmişdi. 1956-cı ildə hakimiyyətə gələn yeni Sovet lideri Nikita Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla Stalinin apardığı siyasəti tənqid etsə də, Krım tatarlarının geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair də bir qərar qəbul etmədi. Krım tatarları 1980-ci illərin sonlarında Yenidənqurma hərəkatının başlanmasına qədər Mərkəzi Asiyada yaşamağa davam etdilər. Məhz həmin dövrdə 260,000 tatar yenidən öz əvvəlki yurd-yuvasına geri qayıda bildi. Onların sürgünü 45 ildən sonra başa çatmışdı. Krım tatarlarının geri qayıtması haqqında olan qadağa ləğv olundu və Krım Ali Şurasının 14 noyabr 1989-cu ildə qəbul etdiyi qərara əsasən Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiya cinayət kimi qəbul olundu.
2004-cü ilə qədər tatarların böyük hissəsi Krıma geri qayıtdı və yarımadanın əhalisinin 12 faizini təşkil etdilər. Yerli hakimiyyət onların geri qayıtmasına heç bir köməklik göstərmədi, həmçinin itirdikləri torpaqlara görə kompensasiya vermədi. 12 dekabr 2015-ci ildə Ukrayna Ali Radası bu hadisələrin soyqırım kimi tanınması barədə qərar qəbul etdi və 18 may günü Ukraynada "Krım tatarlarının soyqırımı" günü kimi ölkə təqviminə salındı.