Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans
From Wikipedia, the free encyclopedia
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir.
Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir.