Hüseynqulu xan Sərdar
Sərkərdə, İrəvan xanı. / From Wikipedia, the free encyclopedia
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742[5]—1831[4]) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur.[5]
Bu məqalə İrəvan xanı haqqındadır. Digər mövzular üçün Hüseynqulu xan səhifəsinə baxın. |
Hüseynqulu xan Sərdar | |
---|---|
fars. حسین خان سردار | |
| |
Xorasan Sərhəd Qoşunlarının komandanı | |
1796 (yaxud 1802)[q 1][1] – 1806[1] | |
Əvvəlki | Əhməd xan Müqəddəm |
İrəvan xanlığının IX xanı | |
1806[2] – 1827[3] | |
Əvvəlki | Məhəmməd xan Ziyadlı-Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qəzvin, Qacarlar imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Məhəmməd xan Qacar[4][q 2] |
Uşağı | Məhəmməd |
Ailəsi | Qacarlar |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.[5]
Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir.[5]
I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi.[6] İvan Şopen bu haqda yazırdı: "...nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi. Hüseynqulu xan özünün bacarığı və cəsurluğu ilə aşağı rütbədən bu vəzifəyə yüksəlmişdi".[7]
Hüseynqulu xanın İrəvana hakim təyin edildiyi dövrdə Cənubi Qafqazda siyasi vəziyyət gərgin idi. Qacarlar İranı və Rusiya arasında müharibələr davam edirdi. Müharibənin gedişatında 1808-ci ildə İrəvan xanılğı Qafqazdakı rus qoşunlarının baş komandanı İvan Qudoviçin hücumuna məruz qaldı. Hüseynqulu xan qalanı möhkəmləndirdi və həmçinin qarnizonun sayını artırdı.[8]
1808-ci il noyabrın 17-si rus qoşunları İrəvan qalasına hücuma keçdilər. Lakin ruslar ciddi müqavimətinə rast gəldilər. Qala qarnizonu top atəşləri ilə rusları geri oturtdular. Qudoviç mühasirə və hücumdan əl çəkib Tiflisə qayıtmaq haqqında əmr verdi.[8]
1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra İrəvana məxsus Göyçə gölünün şimal və şərq hissələri Rusiya tərəfinin əlində idi. Hüseynqulu xan bu ərazilərin İrəvana aid olduğunu yeni baş komandan Aleksey Yermolova bildirmişdi. Rusiya komandanlığının bu torpaqları qaytarmaq istəmədiyini görən Hüseynqulu xan 1825-ci ildə ruslara məxsus gözətçi məntəqələrinə hücumlar təşkil etməyə başladı.[9] 1826-cı ildə iki piyada rus alayı İrəvana Mirək kəndinə hücum edərək onu işğal etdi. Bu isə münasibətləri daha da gərginləşdirdi. Beləliklə, 1826-cı ilin iyununda ikinci Rusiya-Qacar müharibəsi başlandı.[9][10]
Müharibənin ilk illərində Abbas mirzə və Hüseynqulu xanın qüvvələri müvəffəqiyyət əldə etdilər. Əvvəlcədən hazırlanmış plana uyğun olaraq Hüseynqulu xan Pəmbək və Şörəyelə daxil oldu.[11] Abbas mirzə isə Şəmkirə qədər irəlilədi. Lakin müharibənin sonrakı gedişində Qacar qoşunları ard-arda bir məğlubiyyətə uğradılar və Cənubi Azərbaycana çəkildilər. Bu səbəbdən İrəvan qoşunları qalaya doğru geri çəkilərək tutduqları əraziləri boşaltdılar.[12]
1827-ci ildə rus qoşunlarının baş komandanı İvan Paskeviç İrəvana hücum haqqında əmr verdi. Rusların əvvəlki hücumlarından fərqli olaraq bu hücumda qaladağıdıcı toplardan da istifadə edilirdi.[13] İlk öncə rus qoşunları xanlıqda ikinci böyük qala olan Sərdərabad qalasına hücuma keçdilər. 1827-ci ilin senytabrın 18-də Sərdərabad qalası güclü top atəşinə məruz qaldı. Bombardman nəticəsində qalanın dördkünc qülləsi dağıldı. Aramsız bombardmana məruz qalan Sərdərabad qarnizonu sentyabrın 19-u isə təslim oldu.[13]
Sərdərabad qalasının işğalından sonra Paskeviç İrəvan qalasına doğru hərəkətə başladı. İrəvanı mühasirəyə aldıqdan sonra sentyabrın 26-dan başlayaraq İrəvan qalası da qaladağıdıcı toplardan güclü atəşə tutuldu. İrəvan qalasının qarnizonu top atəşi ilə cavab versə də, təcrübəli topçuların olmaması səbəbindən heç bir nəticəsi olmadı.[14] Rus qoşunu qalanın bombardmanını daha da gücləndirdi. Bombardman nəticəsində qalanın qapısının sıradan çıxması ilə rus qoşunu qalaya daxil ola bildi. Beləliklə, 1827-ci ilin oktyabrında İrəvan qalası ruslar tərəfindən işğal edildi.[15] İrəvanın işğalından sonra Hüseynqulu xan Tehrana qayıtdı. Fətəli şah onu Xorasana hakim təyin etdi. 1831-ci ildə Hüseynqulu xan vəfat etdi.[4]
Hüseynqulu xan dövründə İrəvan memarlığına Abbas mirzə məscidi və Sərdərabad qalası kimi memarlıq abidələri daxil edilmişdi. İqtisadi cəhətən xanlıq Mehdiqulu xanın dövründən sonra sabitlik qazana bilmişdi. Həmçinin sarayın Güzgülü salonu bərpa edilmişdi. Güzgülü salona yeni rəsmlər və əlavə tikililər əlavə edilmişdi.[16]
Xan tərəfindən inşasına əmr verilmiş Sərdarabad qalası, habelə xanın əsasını qoyduğu yeni mahalda Sərdarabad mahalında tikilmişdir.[17] Qalanın tikintisi 1815-ci ildə başa çatmışdı. Qalanın cənub hissəsində geniş bağ salınmışdı. Abbas mirzə məscidi isə Qacar şahzadəsi və vəliəhdi Abbas mirzənin şərəfinə adlandırılmışdı. Məscidin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülmüşdü.[18]