Gəncə qalası
Gəncə şəhərində yerləşən qala / From Wikipedia, the free encyclopedia
Gəncə qalası — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən XVI əsrə aid tarix-memarlıq abidəsi. Qala 1588-ci ildə Osmanlılar tərəfindən ələ keçirilmiş Qədim Gəncə qalasına nəzarət edəcək hərbi qüvvələrin yerləşdirilməsi üçün Fərhad Paşanın göstərişi ilə inşa edilmişdir. Sonradan I Şah Abbas və Cavad xanın hakimiyyəti dövründə qala genişləndirilmiş və möhkəmləndirilmişdir. I Şah Abbasın göstərişi ilə Gəncə şəhərinin mərkəzinin Qədim Gəncə qalasından Gəncə qalasının forştadtına köçürülməsindən sonra Gəncə qalası şəhərin mərkəzində yerləşən əsas kompleks olmuşdur. Qalanın sitadelində Gəncə xan sarayı yerləşmişdir.
Gəncə qalası | |
---|---|
40°40′36″ şm. e. 46°21′18″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Qala küçəsi, Xan bağının yaxınlığı |
Aidiyyatı |
Osmanlı imperiyası Səfəvilər Gəncə xanlığı Rusiya imperiyası |
Sifarişçi |
III Murad[1] Fərad paşa |
Tikilmə tarixi | 3 sentyabr 1588 |
Üslubu | Arran memarlıq məktəbi |
Material | kərpic, əhəng məhlulu |
İstinad nöm. | 200 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
1804-cü ildə bir aydan artıq davam edən mühasirə və qanlı döyüşdən sonra Gəncə qalası Çar Rusiyası tərəfindən ələ keçirilir. Bundan dərhal sonra daxili qalanın özəyini təşkil edən Xan sarayı talan edilərək dağıdılır.
Dövrümüzə Gəncə qalasının yalnız hissələri çatdığından, onun memarlıq xüsusiyyətləri əsasən tarixi xəritə və planlar, həmçinin qravür və fotoşəkillər əsasında öyrənilmişdir. Qalanın 1797-ci ilə aid planından görünür ki, şəhər böyük bir əraziyə malik idi və onun ərazisinin böyük bir hissəsini bağlar tuturdu. Şəhər ərazisi qala və forştadta bölünürdü. Gəncə qalası planda qeyri-bərabər altıbucaqlı formasına malik idi. Gəncə qalası iki qat qala divarına malik idi. Qala divarları bir-birindən 70-80 metr aralıda yerləşmişdi. Əsas qala divarları olan daxili divarlar altı bastiona malik idi. Xarici qala divarları isə bir-birindən kifayət qədər uzaq məsafədə yerləşən qüllələrə malik idi. Qala divarlarından kənarda yerləşən geniş bağlar və evlər isə yalnız çiy kərpicdən hörülmüş divarlarla müdafiə olunurdu.