Din psixologiyası
From Wikipedia, the free encyclopedia
Din psixologiyası — insanlara xas olan dini həyatın müxtəlif aspektlərini araşdıran bir elm sahəsidir. Başqa sözlə, din psixologiyası dinin insan ruhundakı təməl xüsusiyyətləri və davranışında əks olunan təsir halları ilə əlaqədardır. Psixologiya duyğuların, düşüncələrin və davranışların elmi şəkildə araşdırılmasına yönəlmişdir. Din psixologiyası isə dini hisslərin, düşüncələrin və davranışların öyrənilməsinə yönəlmişdir.
Din psixologiyası insanın dini həyatını bütün dərinliyi və genişliyi ilə dərk edib araşdırmaq, mənəvi hadisələrlə əlaqələrini göstərmək istəyir. Din psixologiyası dinin əmr və qadağalarını müzakirə etmir. Din psixologiyası yalnız dinin fərd üzərindəki təsirlərini araşdırır. Bu baxımdan dini hökmləri təsdiq və ya təkzib etmək məqsədi daşımır. Hadisələri elmi metodlarla mühakimədən uzaq bir şəkildə tədqiq edərək tənsif edir. Din psixologiyası normativ bir elm olmayıb, dini etiqad və həqiqətlərdə dəyər vəya mənəviyyat mülahizələrinə yol vermir. Din psixologiyası psixoloji inkişaf və proseslər kontekstində dini ifadə formaları ilə məşğul olur. Din psixologiyasının tədqiqat sahəsi dinin özü deyil, dini həyat tərzi ilə yaşayan fərdlərdir.
Bu elm sahəsi din və tanrı təsəvvürü, tanrıya bağlanma tərzi, dini düşüncə, duyğu, davranış və onlara təsir edən amillər, din və tanrı inancının meydana çıxması, dinin dəyişdirilməsi, dini atributlar, dindarlığın növləri, dini inkişaf, inanc-sağlamlıq əlaqəsi, ədalətli dünya inancı, din-dəyər əlaqəsi kimi mövzuları tədqiq edir.