Cek Sərçə
"Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri / From Wikipedia, the free encyclopedia
Kapitan Cek Sərçə (ing. Captain Jack Sparrow) ― "Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri. Personaj ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Cek Sərçənin şəxsiyyətinin formalaşdırılması zamanı The Rolling Stones musiqi qrupunun gitaristi Kit Riçardsdan və "Looney Tunes" personajı Pepe le Püdən istifadə olunmuşdur. Personajın göründüyü ilk film 2003-cü il istehsalı "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filmi olmuşdur. Cek bütün növbəti filmlərdə də görünmüşdür: "Ölünün sandığı" (2006), "Dünyanın sonunda" (2007), "Qərib sahillərdə" (2011) və "Ölülər nağıl danışmır" (2017).
Cek Sərçə | |
---|---|
Karib dənizinin quldurları personajı | |
Canlandıran | Conni Depp |
Peyda olmaları |
Film seriyası Kitablar Video oyunlar Attraksion |
Məlumat | |
Cinsi | kişi |
Peşə |
quldur kapitanı Karib dənizinin quldur lordu Ramranner adasının "qubernatoru" Keçmişdə: Ost-İnd Ticarət Şirkəti |
Ailə | Edvard Tiq (ata) |
Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur. Daha sonra qan borcu olduğu əfsanəvi Deyvi Consdan qaçmağa və Ost-İnd Ticarət Şirkəti ilə mübarizə aparmağa çalışır.
"Karib dənizinin quldurları" seriyası eyniadlı tema parkı attraksionundan ilhamlanaraq yaradılmışdır. Bu attraksion 2006-cı ildə yenilənmişdir və Cek Sərçə əlavə olunmuşdur. Disney's Hollywood Studios parkında onun şərəfinə adlandırılmış Kapitan Cek Sərçənin əfsanəsi adlı attraksion fəaliyyət göstərir. Bundan əlavə, personaj bir neçə spin-off romanının (məsələn, "Karib dənizinin quldurları: Cek Sərçə" uşaq kitab seriyası) baş qəhrəmanıdır.