Azərbaycan qaraçıları
Azərbaycanda yaşayan azsaylı xalqlardan biri / From Wikipedia, the free encyclopedia
Azərbaycan qaraçıları (özünüadlandırma rom. Dom, pars, kürd domlar, koul) — Azərbaycanda yaşayan azsaylı xalqlardan biri, qaraçıların Azərbaycandakı icması. 1999-cu il və 2009-cu ilin əhali siyahıyaalması prosesində onlar hesaba alınmamışdır, lakin 2010-cu illərə aid edilən müxtəlif mənbələrdə Azərbaycanda yaşayan qaraçıların ümumi sayı təqribi olaraq 1,000, 2,000, 10,000 və 20,000 kimi göstərilmişdir. Qaraçılar Azərbaycanda ən çox Yevlax, Ağdaş və Balakən rayonlarında yaşayırlar, həmçinin Bakıda və Sumqayıtda da qaraçı icmaları mövcuddur.
Özünüadlandırma | |||
---|---|---|---|
rom. Dom, pars, kürd domlar, koul | |||
Ümumi sayı | |||
1,000–20,000 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Azərbaycan, kurmanc kürdcəsi, rus | |||
İrqi | |||
Avropoid | |||
Dini | |||
Daxildir | |||
qaraçılar | |||
Mənşəyi | |||
domlar | |||
Qohum xalqlar | |||
lomlar, lülilər |
Azərbaycan qaraçıları İrandan çıxan "dom" boyundandırlar. Onlar ilk dəfə orta əsrlərdə Kəraçi və Sind regionlarından, ya da Baktriyadan İran vasitəsilə Azərbaycana gəlmişlər. Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycana özlərini "pars" adlandıran farsdilli qaraçılar köçürülmüşdür. XIX əsrin sonlarında hindli əsilli zərdüşti möminlər Azərbaycana ölkədə yerləşən zərdüşti məbədləri ziyarət etməyə gəlmişdilər. Stalin repressiyalarının bir hissəsi olaraq Cənubi Qafqazda yaşayan qaraçılar 1936-cı ildən etibarən Qazaxıstana deportasiya edilmiş, lakin deportasiya qərarı 1956-cı ildə ləğv edilmişdir. Beləliklə, 1950–1960-cı illərdə Qazaxıstandan Azərbaycana kurmancdilli qaraçılar gəlməyə başlamışdır və onlar özlərini kürd adlandırırlar. Birinci Qarabağ müharibəsi zamanı Şuşa, Cəbrayıl və Ağdamın kiçik qaraçı icmaları Ermənistan Silahlı Qüvvələri tərəfindən evlərindən qovulmuşdur.
İndiki dövrdə qaraçılar mədəni və linqvistik olaraq azərbaycanlılaşmaya məruz qalırlar. Onlar öz dillərini demək olar tamamilə unutmuş, əsasən müxtəlif ölçülərdə və müxtəlif kombinasiyalarda Azərbaycan, fars və rus dillərində, kürd dilinin kurmanci dialektində danışırlar. Qaraçıların əksəriyyəti islam dininin şiəlik məzhəbinə aiddirlər. Qaraçı musiqisində Türkiyə və az da olsa Hindistan musiqi mədəniyyətinin təsirləri olsa da, onlar əsasən Azərbaycan musiqisini məsimsəmişlər. Aşıq ənənəsi, muğam və oyun havaları qaraçılar arasında populyardır.
Azərbaycanda qaraçıların hüquqlarını qoruyan xüsusi bir icma yoxdur, Azərbaycan hökuməti qaraçıları QHT layihələrinə cəlb etməyə cəhd göstərsələr də, ictimaiyyətə görünməməyi arzulayan qaraçılar buna razı olmamışdır. Qaraçıların ictimai imici böyük ölçüdə mənfidir, etnik stereotiplər və onlara qarşı sosial düşmənçilik yüksək səviyyədədir. Qarabağ münaqişəsi səbəbindən azərbaycanlılar ilə ermənilər arasında yaranan münaqişəli münasibətlər çərçivəsində bu iki xalq bir-birini "qaraçı" adlandıraraq təhqir edir. Qaraçı ailələrinin yaşayış səviyyəsi Azərbaycan üzrə orta səviyyədən xeyli aşağıdır. Qaraçılarda çoxunun sənədlərinin olmamasına görə onlar tibbi xidmətdən və sosial təminatdan məhrum qalırlar.