Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısı
From Wikipedia, the free encyclopedia
Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 23 nümunə daxildir. Bunlardan 19-ı "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib.[1]
Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir.[2][3] Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir.[4] UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir.[5]
Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri "Avropa və Şimali Amerika" kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 11-i sırf özünə məxsus, 12-i isə çoxmillətlidir. Çoxmillətli irs nümunələrinin paylaşıldığı ölkələr Qərbi, Mərkəzi və Cənubi Asiyadandır. Azərbaycanla ən çox ortaq irs nümunələrinə sahib olan ölkələr Türkiyə, İran və Özbəkistandır.
Bəzi irs nümunələri spesifik olaraq Azərbaycanın regionlarına (Naxçıvan MR, Basqal, Lahıc, Göyçay, Şəki) aiddir. Spesifik olaraq ərazisinə ən çox mədəni irs aid edilən rayon İsmayıllı rayonudur (Basqal kəlağayıları və Lahıc misgərlik sənəti).