Azərbaycan təqvim inancları
From Wikipedia, the free encyclopedia
Azərbaycan təqvim inancları (az-əbcəd. آزربایجان تقویم اینانجلاری) — Azərbaycan mədəniyyətində müxtəlif vaxtların (kosmik dövrlər, illər, aylar və s.) adlandırılması ilə bağlı yayılmış inanclar.
Tarixən Azərbaycan mədəni mühitində on iki heyvanlı türk təqvimi və Cəlali təqvimi istifadə edilmişdir. Bölgədə on iki heyvanlı təqvim monqol dövründən, Cəlali təqvimi isə ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səfəvilər dövründə on iki heyvanlı təqvim rəsmi təqvim kimi istifadə edilmişdir. Bu dövrdə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçid ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi. On iki heyvanlı təqvim İranda 1925-ci ilə, Qacarların süqutuna qədər istifadədə qalmışdır.
Azərbaycan xalq təqviminin formalaşması təbiətə münasibətdən (məs. Boz ay), səma cisimlərinin hərəkətindən (məs. Quyruqdoğdu), təsərrüfat ənənələrindən (məs. Qoçqarışan) qaynaqlanmışdır. Qışdan yaza keçid aləmin yatdığı vaxtda baş verir, Novruz bayramı ilə qeyd olunur. Novruz və Xıdır Nəbi bayramları Azərbaycanın müxtəlif bölgələrində birlikdə qeyd edilsə də, bayramlardan birinin yaxşı qeyd edilməsi digərinin zəif qeyd edilməsi ilə müşahidə olunur. Qışın başlanması münasibətilə Çillə gecəsi, Böyük Çillədən Kiçik Çilləyə keçid münasibətilə Səddə bayramı qeyd edilir.
İslam dininin təsiri ilə Azərbaycanda türk mənşəli həftə adları ərəb-fars mənşəli adlarla əvəz edilmiş və ya onlarla birlikdə istifadə edilmişdir. Azərbaycan dilinin dialektlərində həftə günləri duz, qəm, adına, süd günləri və s. olaraq adlandırılmışdır. Ata-baba günü olan adına günündə ölülər yad edilir, şamanizm qalıntısı bir adət olaraq aş yeyilir.