Azərbaycan linqvistik və mədəni mühiti
From Wikipedia, the free encyclopedia
Azərbaycan linqvistik və mədəni mühiti — azərbaycanlıların və azərbaycanlılaşmış icmaların təşkil etdiyi mühit. Tarix boyunca Azərbaycan dili və mədəniyyətinin mövcud olduğu ərazi siyasi hadisələrlə bağlı olaraq daim dəyişikliyə məruz qalmışdır. Mühitin mədəni təsiri azərbaycanlılarla birlikdə yaşayan və ya onlarla əlaqələrə malik icmalarda hiss edilir.
Qərbi Anadolu (Osmanlı) türk dili ilə Azərbaycan dili arasındakı sərhəd XIV əsrin II yarısında görülməyə başlanmışdır. Məhəmməd Ərgin bu sərhədi Samsun-Sivas-İskəndərun xəttində görür. Kiçik Asiyanı 2 hissəyə bölən bu xəttin şərq hissəsi Azərbaycan dilinin dialektlərinin yayıldığı ərazidir.[1] XV əsrin əvvəllərində Yavuz Sultan Səlimin Şah İsmayıl Xətai üzərində qələbəsindən sonra Kiçik Asiyanın şərq hissəsi Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. Ancaq Osmanlı ədəbi dilinin Şərqi Anadoluda yayılması əsrlər boyunca davam edən bir proses olmuş, bu regionun şairləri Azərbaycan dilində əsərlər yaratmağa davam etmişdir.[2] Eynən İraqda da əvvəlcə ədəbi türk dili Azərbaycan dili olmuş, Osmanlı fəthindən sonra isə bu dil Osmanlı türkcəsi ilə əvəzlənmişdir.[3]
Azərbaycan dili tarixən Cənubi Dağıstanda ikinci dil və linqva franka kimi istifadə edilmişdir. Ancaq 1929-cu ildə Dağıstanda təhsil Azərbaycan dili yerinə yerli dillərdə və rus dilində aparılmağa başlanmışdır. 1950-ci illərdən etibarən rus dili ilə rəqabətə dözə bilmədiyi üçün Dağıstanda Azərbaycan dilinin istifadəsi geriləmişdir.
Sovet dövrü deportasiyaları ilə Ermənistanda azərbaycanlılarının sayı azalmış, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar Ermənistan, Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxarılmışdır. 2020–2023-cü illərdə keçirilən hərbi əməliyyatlardan sonra azərbaycanlıların Dağlıq Qarabağ və ətraf 7 rayonda yenidən məskunlaşdırılmasına başlanmışdır. Ermənistan azərbaycanlıları isə Qərbi Azərbaycan İcması quraraq Ermənistana qayıdış konsepsiyası irəli sürmüşdür.