Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi
From Wikipedia, the free encyclopedia
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi — Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti və Ənvər Paşanın rəhbərlik etdiyi "gənc türklər" qruplaşmasının Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən Aprel işğalına gedən yolda və işğal prosesində rolu.
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi | ||||
---|---|---|---|---|
Aprel işğalı Rusiya vətəndaş müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsi | ||||
| ||||
Tarix | sentyabr 1919 — 1 may 1920 | |||
Yeri | Azərbaycan Xalq Cümhuriyyəti | |||
Nəticəsi |
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Azərbaycan SSR-nın elanı Naxçıvanın Azərbaycanda qalması |
|||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
Tərəflərin qüvvəsi | ||||
|
||||
İtkilər | ||||
|
||||
Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası Antanta dövlətləri tərəfindən parçalanmışdı. Bundan sonra Türkiyədə Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdı. Kamalçılar Sovet Rusiyası ilə ittifaqın qurulmasını dəstəkləyir və britaniyayameylli olduğunu ittiham etdikləri Müsavat Azərbaycanında bolşevik inqilabı istəyirdilər. Mustafa Kamal özü Osmanlının Azərbaycandakı fəaliyyətlərini tənqid etmiş və pantürkizmdən uzaqlaşaraq Türkiyəni birinci sıraya qoyan milliyətçilik növünə üz tutmuşdu.
1919-cu ildən başlayaraq Mustafa Kamal və Ənvər Paşa Azərbaycan vasitəsilə bolşeviklər ilə ittifaq qurmaq üçün mübarizə aparmağa başlamışdılar. Bu zaman kamalçı Fuad Sabit, Xəlil Paşa və "gənc türklər"dən Baha Səid Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əleyhinə fəaliyyətə başladılar. Bu dövrdə Şərq cəbhəsi komandanı Kazım Qarabəkir bolşeviklərin maddi və silah yardımının intensivləşməsi üçün "Qafqaz səddi" adlandırdığı maneəni aradan qaldırmağı özünə hədəf qoymuşdu.
Qarabəkir, eləcə də azərbaycanlı və türkiyəli kommunistlərin əhəmiyyətli bir qismi Qızıl Ordunun hərbi müdaxiləsini yox, Azərbaycanda daxili inqilab nəticəsində hökumətin dəyişməsini arzulayırdı. Buna baxmayaraq, Qarabəkirin səyləri uğursuz alınmışdı. IX Qızıl Ordunun Bakıya hücum əməliyyatında çoxsaylı türkiyəli kommunist, o cümlədən Xəlil Paşa və Baha Səid iştirak etmişdi. Bundan başqa, Bakıda fəaliyyət göstərən türkiyəli zabitlər əməliyyatdan əvvəl Azərbaycanda təbliğat işləri ilə məşğul olmuş, Qızıl Ordunun Azərbaycandan keçərək Türkiyəyə kömək göndərdiyini iddia etmişdilər. Azərbaycanda bu iddialara inam artmışdı və hətta Nəsib bəy Yusifbəyli hökumətinin istefasından sonra müvəqqəti olaraq dövlət başçısı olmuş Məmmədhəsən Hacınski də bununla razı idi.
Azərbaycan Sovet Sosialist Respublikasının qurulmasından sonra onu tanıyan və səfir göndərən ilk ölkə Türkiyə olmuşdur. Məmduh Şövkət Esendal 1924-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının xarici siyasi funksiyalarını itirməsinə qədər Türkiyənin Azərbaycandakı səfiri olmuşdur. Türkiyənin bu prosesdə rolu Azərbaycan milliyətçiləri arasında məyusluğa səbəb olmuşdu. Hər halda, 1920-ci ildən sonra Türkiyə Azərbaycan siyasi mühacirəti üçün əsas məkanlardan birinə çevrilmişdi.